Son günlər bəzi özəl tədris mərkəzləri tərəfindən Elektron Təhlükəsizlik Xidmətinin adından istifadə olunaraq kursların keçirilməsi barədə vətəndaşlardan məlumatlar daxil olmaqdadır. Müraciətlərdən aydın olur ki, tədris mərkəzi nümayəndələri özlərini ETX ilə əlaqəli şəxslər kimi təqdim edərək, qurumun statusundan sui-istifadə hallarına yol verir və vətəndaşlara müxtəlif ödənişli xidmətlər təklif edirlər.
“İki sahil” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
“Elektron Təhlükəsizlik Xidməti bildirir ki, ETX hər hansı özəl təhsil mərkəzi və ya kursla kibertəhlükəsizlik təlimlərinin keçirilməsi istiqamətində əməkdaşlıq etmir. Qeyd olunan fəaliyyətlərin ETX ilə heç bir təşkilati və ya hüquqi əlaqəsi mövcud deyil. ETX-nin fəaliyyət istiqamətləri barədə məlumatlar qurumun rəsmi internet səhifəsi və sosial media hesabları vasitəsilə paylaşılır”, - deyə məlumatda qeyd olunub.