Uşaqların sevərək yediyi hamburger və küftə kimi qiymədən hazırlanmış qida məhsullarının kifayət qədər bişirilmədən istehlakı ciddi sağlamlıq problemlərinə yol aça bilər. Mütəxəssislər bildiriblər ki, az bişmiş ət məhsullarında mövcud olan bakteriyalar orqanizmdə təhlükəli toksinlər ifraz edərək ağır fəsadlar yarada bilər.

Türkiyəli uşaq nefrologiyası üzrə mütəxəssis, professor Cihangir Akgün qeyd edib ki, az bişmiş ətlə orqanizmə daxil olan bakteriyalar sürətlə çoxalaraq toksinlər ifraz edir. Onun sözlərinə görə, bu proses ilkin mərhələdə qanlı ishal və qusma kimi əlamətlərlə başlayır, ağır hallarda isə böyrək çatışmazlığına qədər irəliləyə bilər. Mütəxəssis xüsusilə qiymədən hazırlanmış məhsulların daha böyük risk daşıdığını vurğulayıb. O bildirib ki, bütöv ət yüksək temperaturda bişirildikdə səthindəki bakteriyaların böyük hissəsi məhv olur. Lakin qiymə hazırlanarkən bakteriyalar məhsulun daxili hissələrinə qədər yayıla bildiyindən, az bişmiş hamburger və digər yeməkləri daha təhlükəli hesab olunur.
Professorun sözlərinə görə, bakteriyaların ifraz etdiyi toksinlər yalnız həzm sisteminə deyil, digər orqanlara da təsir göstərə bilər. Bu vəziyyət qan hüceyrələrinin zədələnməsi, ağır anemiya və böyrək çatışmazlığı ilə nəticələnə bilər. Bəzi hallarda isə xəstəliyin gedişi beyin də daxil olmaqla müxtəlif orqan sistemlərini zədələyir və həyati risk yaradır. Həkim qeyd edib ki, qanlı ishal və qusma şikayətləri ilə xəstəxanaya müraciət edən bəzi uşaqlarda aparılan müayinələr zamanı böyrək funksiyalarında ciddi pozğunluqlar aşkarlanır. Belə hallarda pasiyentlərin reanimasiya şəraitində izlənməsi, bəzən isə dializ müalicəsinin tətbiqi zəruri olur.
Mütəxəssislər ət məhsullarının hazırlanması zamanı gigiyena qaydalarına və düzgün bişirmə temperaturuna ciddi riayət olunmasının vacibliyini vurğulayıblar. Qeyd olunur ki, qiymədən hazırlanmış qidaların və digər ət məhsullarının daxili temperaturu ən azı 72 dərəcə olmalıdır. Həmçinin çiy ətə dəymiş qab və ya alətlərin bişmiş məhsullarla təmas etməməsi tövsiyə edilir. Eyni zamanda, mütəxəssislər valideynlərə ət və qiymədən hazırlanan qida məhsullarını yalnız etibarlı mənbələrdən almağı və xüsusilə uşaqlar üçün hazırlanan yeməklərin tam bişirilməsinə diqqət yetirməyi məsləhət görürlər.
Şahnigar Əhmədova, “İki sahil”