12 mart 2026 19:36
519

Azərbaycan–Avropa İttifaqı münasibətləri: siyasi dialoq və iqtisadi inteqrasiya

Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlər çoxtərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Bu səfər enerji, iqtisadiyyat, nəqliyyat və təhlükəsizlik kimi strateji sahələrdə əməkdaşlığın daha da genişlənməsi baxımından mühüm siyasi hadisə kimi dəyərləndirilir.

Avropa ilə tərəfdaşlıq artıq yeni məzmun kəsb edir və siyasi dialoqdan iqtisadi əlaqələrə, enerji layihələrindən nəqliyyat marşrutlarına qədər geniş spektri əhatə edən bu münasibətlər qarşılıqlı maraqlar üzərində formalaşır. Görüş zamanı səsləndirilən fikirlər təsdiq edir ki, tərəflər qarşıdakı dövrdə əməkdaşlığı daha sistemli və uzunmüddətli strateji çərçivədə inkişaf etdirməyi hədəfləyir. Prezident İlham Əliyev qeyd edib ki, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik. Bu əməkdaşlıq yalnız dövlət başçıları səviyyəsində deyil, həm də hökumət qurumları, iqtisadi strukturlar və beynəlxalq təşkilatlar çərçivəsində davam etdirilir.

Son dövrlərdə Avropa qurumlarının nümayəndələrinin regiona səfərlərinin intensivləşməsi siyasi dialoqun davamlı xarakter aldığını göstərir. Xüsusilə Avropa Komissiyasının üzvlərinin ardıcıl səfərləri tərəflər arasında qarşılıqlı etimadın və əməkdaşlıq niyyətinin gücləndiyini nümayiş etdirir. Bu dialoq həm də qlobal çağırışların artdığı bir dövrdə qarşılıqlı məsləhətləşmələrin əhəmiyyətini artırır. Müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik, enerji və iqtisadi sabitlik kimi məsələlər dövlətlər arasında koordinasiyalı fəaliyyət tələb edir. Bu baxımdan Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoq regionda sabitliyin qorunmasına da mühüm töhfə verir.

Avropa məkanı ilə iqtisadi əməkdaşlıq münasibətlərin əsas istiqamətlərindən biridir. Bu əlaqələr təkcə iqtisadi göstəricilərlə deyil, həm də qarşılıqlı investisiya layihələri ilə xarakterizə olunur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Statistika göstərir ki, Avropa İttifaqı region üçün əsas ticarət tərəfdaşlarından biridir və iqtisadi münasibətlər ildən-ilə daha da genişlənir. Qarşılıqlı ticarətin artması bazarların genişlənməsinə, yeni iqtisadi layihələrin həyata keçirilməsinə və regional iqtisadi inteqrasiyanın dərinləşməsinə imkan yaradır. Bununla yanaşı, investisiya sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət kəsb edir. Avropa şirkətləri enerji, sənaye və infrastruktur layihələrində fəal iştirak edir, eyni zamanda Azərbaycan şirkətləri də Avropa bazarında investisiya fəaliyyətini genişləndirirlər. Bu qarşılıqlı investisiya axını iqtisadi münasibətlərin daha dayanıqlı və uzunmüddətli xarakter almasına şərait yaradır.

Enerji sahəsi tərəfdaşlığın ən mühüm və strateji istiqamətlərindən biri hesab olunur. Xüsusilə 2022-ci ildə Avropa Komissiyası ilə imzalanmış Enerji sahəsində Strateji Tərəfdaşlıq sənədi əməkdaşlığın yeni mərhələsini formalaşdırıb. Son illər ərzində Avropa ölkələrinə qaz ixracının həcmi və coğrafiyası əhəmiyyətli dərəcədə genişlənib. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını qəbul edir, ümumilikdə isə 16 ölkə bu enerji resursu ilə təmin olunur. Bu fakt regionun enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolunun artdığını göstərir. Borular vasitəsilə qaz təchizatı baxımından Azərbaycanın geniş coğrafiyanı əhatə etməsi dövlətimizi beynəlxalq enerji bazarında mühüm tərəfdaşlardan birinə çevirir. Enerji təhlükəsizliyi məsələsinin qlobal gündəlikdə xüsusi yer tutduğu bir dövrdə bu əməkdaşlıq Avropa üçün strateji əhəmiyyət daşıyır.

Enerji sahəsində əməkdaşlığın vacib platformalarından biri də Cənub Qaz Dəhlizi Məşvərət Şurasıdır. Hər il keçirilən bu toplantılar enerji siyasətinin koordinasiyası, yeni layihələrin müzakirəsi və regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm rol oynayır. Cari planlara əsasən, yaxın iki və ya üç il ərzində qaz hasilatının artırılması və əlavə 10 milyard kubmetr həcmində yeni qaz ehtiyatlarının bazara çıxarılması nəzərdə tutulur. Bu isə Avropa bazarının enerji təminatında mühüm rol oynayacaqdır.

Enerji əməkdaşlığının digər mühüm istiqaməti bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrdir. Günəş, külək və su elektrik enerjisi potensialının yüksək olması regionu bu sahədə perspektivli enerji mərkəzlərindən birinə çevirir. Həmin istiqamətdə həyata keçirilən layihələr enerji mənbələrinin şaxələndirilməsinə və dayanıqlı enerji sisteminin formalaşmasına mühüm töhfə verir. Eyni zamanda, bərpaolunan enerji sahəsinə yatırılan investisiyalar yeni texnologiyaların tətbiqini sürətləndirir və ekoloji baxımdan təmiz enerji istehsalının genişlənməsinə şərait yaradır. Bu amillər enerji təhlükəsizliyinin möhkəmlənməsi ilə yanaşı, beynəlxalq enerji bazarında Azərbaycanın mövqeyinin daha da güclənməsinə xidmət edir. Prezident İlham Əliyevin bəyanatında qeyd etdiyi kimi, biz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırırıq: “Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır. Bir sözlə, hazırda biz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində çalışırıq”.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən məqamlardan biri regionda formalaşan yeni sülh mühitidir. Dövlətimizin başçısı qeyd edib ki, biz cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq. Bu vəziyyət iqtisadi əməkdaşlıq və nəqliyyat layihələrinin inkişafına yeni imkanlar yaradır. Sülh gündəliyinin irəliləməsi Orta Dəhlizin inkişafına da mühüm təsir göstərir. Həmin marşrut Avropa ilə Asiya arasında ən mühüm nəqliyyat xətlərindən biri hesab olunur və onun genişlənməsi regionun tranzit potensialını daha da artırır. Nəqliyyat və logistika imkanlarının genişlənməsi ticarət əlaqələrinin artmasına, regional iqtisadi inteqrasiyanın güclənməsinə və beynəlxalq yük daşımalarının daha səmərəli təşkilinə şərait yaradır.

Müharibənin ağır nəticələrini yaşamış cəmiyyət üçün sülhün dəyəri xüsusilə yüksəkdir və buna görə də sülh gündəliyinin davam etdirilməsi mühüm prioritet hesab olunur. Avropa İttifaqı ilə münasibətlər siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və regional sabitlik kimi bir sıra mühüm istiqamətləri əhatə edir. Bu əməkdaşlıq qarşılıqlı maraqlar və strateji tərəfdaşlıq prinsipləri üzərində qurulub və gələcəkdə daha geniş perspektivlər vəd edir.

Tərəflər arasında əməkdaşlıq yeni təşəbbüslər üçün geniş imkanlar yaradır. Enerji sahəsində əməkdaşlığın genişlənməsi, bərpaolunan enerji layihələri, nəqliyyat və tranzit imkanlarının artması gələcək illərdə bu tərəfdaşlığın daha da güclənəcəyini göstərir. Beləliklə, Avropa İttifaqı ilə münasibətlər regional sabitliyin möhkəmlənməsi, enerji təhlükəsizliyinin təmin olunması və iqtisadi əməkdaşlığın genişlənməsi baxımından mühüm strateji əhəmiyyət kəsb edir və qarşıdakı dövrdə də tərəfdaşlığın inkişafı beynəlxalq əməkdaşlıq gündəliyində mühüm yer tutacaqdır.

Elşən Alıyev,

​YAP Daşkəsən rayon təşkilatının sədr müavini