13 mart 2026 11:05
88

Azərbaycan və Avropa İttifaqı tərəfdaşlığın fəal mərhələsindədir

“Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır. Martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri Azərbaycan-Avropa İttifaqı əlaqələrinin dünəni, bu günü və gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. Hər bir səfər əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün yeni prioritetlərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Avropa İttifaqı Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində böyük rola malikdir. Azərbaycanın həm qurumla, həm də quruma üzv ölkələrlə əlaqələri yüksələn xətlə inkişaf edir. Sözügedən səfər çərçivəsində Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə həm təkbətək, həm də geniş tərkibdə görüşlərində bütün bu məsələlərə xüsusi diqqət yönəldildi. Belə ki, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi. Xüsusilə təhlükəsizlik, enerji, nəqliyyat məsələləri üzrə dialoqun uğurla aparıldığı qeyd olundu. Bir müddət əvvəl Azərbaycanda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində iclaslara diqqət yönəldilərək bu çərçivədə aparılmış müzakirələrin önəmi vurğulandı. Etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi vurğulandı. 10 Avropa ölkəsinə qaz ixrac etməsi bunun tərkib hissəsi kimi qiymətləndirildi. Görüşlərdə, həmçinin nəqliyyat, logistika və bağlantılar üzrə müzakirələr aparıldı, bu məsələlərdə Azərbaycanın regionda mühüm rol oynadığı bildirildi. Orta Dəhlizin tərkib hissəsi kimi TRIPP layihəsinin önəmindən, bu layihənin davamı olan Naxçıvan dəmir yolu xəttinin bərpasında və yenidən qurulmasında Avropa İttifaqının iştirakından bəhs edildi.  Azərbaycanla Avropa İttifaqı arasında güzəştli tarif prinsipləri əsasında ticarət əlaqələrinin genişləndirilməsinin perspektivləri ətrafında geniş müzakirələr aparıldı. Diqqət göstərilən məsələlərdən biri, təbii ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə edilən nailiyyətlər oldu. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Avropa İttifaqının sülh gündəliyinin irəli aparılmasına hər zaman töhfə verməyə hazır olduğu bildirdi. Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında rəqəmsal transformasiya, süni intellekt, data mərkəzlərinin yaradılması sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Göründüyü kimi, tərəflər əlaqələrin bütün sahələrdə uğurlu inkişafında maraqlıdır və buna nail olmağın yollarını müəyyənləşdirib onların həyata keçirilməsində birgə səylər göstərirlər”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın mətbuata birgə bəyanatları və birgə qəbul etdikləri mətbuat bəyanatı hədəflərin təqdimatı oldu: “Belə bir əminlik ifadə edildi  ki, səfər  indiki dövrdə çox uğurla inkişaf edən ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsində mühüm rol oyanacaq. Çox fəal dialoqumuz var. Avropa Komissiyasının üzvləri ötən il və bu il dəfələrlə Azərbaycana səfər ediblər. Tərəflər  müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindədir. “Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub” söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, Avropa İttifaqı ölkəmiz üçün bir nömrəli ticari tərəfdaşdır. Yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda Azərbaycan Avropada fəal şəkildə sərmayə yatırır. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq. Bu, xüsusən də 2022-ci ildə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında sənədi Avropa Komissiyası ilə imzaladığımızdan sonra müşahidə olunur”.

Malik Həsənov qeyd edib ki, sözügedən sənədin imzalandığı vaxtdan etibarən Azərbaycan həm həcm, həm də ölkələrin sayı baxımından Avropa ölkələrinə qaz ixracını artırıb: “Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qazı qəbul edir və ölkələrin ümumi sayı 16-ya çatıb. Bu göstəriciyə görə Azərbaycan  dünyada boru kəməri ilə qazı təchiz edən bir nömrəli ölkədir. Ölkəmiz bu il qaz hasilatını artırmağı planlaşdırır. Cənab İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, qazı yeni yataqda hasil etməyə başlayacağıq. Bu gündən etibarən növbəti iki və ya üç il ərzində, əgər hər şey cədvələ uyğun gedərsə, bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız olacaq. Enerji sahəsində əməkdaşlığımızın digər istiqaməti bərpaolunan enerji ilə bağlıdır ki, onun da böyük potensialı var. Azərbaycan külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırır. Hədəf beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır”.

Millət vəkili dövlətimizin başçısının mətbuata bəyanatında xüsusi vurğulanan bu məqamlara da diqqəti yönəldərək bildirib ki, Ermənistanla paraflanmış sülh sazişinə nail olduqdan sonra Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılması nikbinliyimizi artırır: “Cəmi yeddi aydır sülh şəraitində yaşayırıq. Cənab İlham Əliyevin vurğuladığı kimi, Ermənistana mühüm neft məhsullarının təchizatına başlamışıq. Digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətlər aradan qaldırılıb.  Bu, bir daha güclü siyasi iradəmizi göstərir. Çünki sülhə təkcə iki ölkənin parafladığı sənəd üzərində deyil, həmçinin əyani şəkildə nail oluruq. Bu, həmçinin ona görə vacibdir ki, bəzən sənədlər uzun müddət ərzində elə kağız kimi qalır. Əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin, xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. Sülhdən yaxşı heç nə ola bilməz.

Tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerini və mövqeyini daha da möhkəmləndirir. Bunu həm Azərbaycanın ikitərəfli, həm də beynəlxalq təşkilatlar daxilində əlaqələrinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsində aydın görmək mümkündür. Ölkəmiz hər zaman sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışları ilə diqqətdədir. Hər bir sahədə inkişafın təməlində məhz bu amillər dayanır. Azərbaycan-Avropa İttifaqı əlaqələrinin də gündəliyi çox genişdir. Avropa İttifaqı Şurasının Prezidenti bildirdi ki, Avropa İttifaqı bundan sonra da təhlükəsizlik, enerji, rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlığı irəli aparmaq niyyətindədir. Qəbul edilən 15 bənddən ibarət mətbuat bəyanatında da qeyd edildiyi kimi, Prezidentlər Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər. Bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarını əks etdirir, bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verir. Prezidentlər Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, o cümlədən dövlətlərin suverenliyi və ərazi bütövlüyü də daxil olmaqla, beynəlxalq hüquqa tam hörmətlə yanaşılmaqla qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda əsasında qurulduğunu bir daha təsdiq ediblər”.