“Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığa əsaslanan münasibətləri davamlı olaraq inkişaf etdirməkdədir. Aİ ilə əməkdaşlıq çərçivəsində ikitərəfli və çoxtərəfli formatda çoxsaylı layihələr və təşəbbüslər reallaşdırılıb. Hər iki tərəf son illərdə münasibətlərin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi çərçivə yaradan mühüm sazişlər və anlaşma sənədləri imzalayıb. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın martın 11-də Azərbaycana rəsmi səfəri isə uğurla inkişaf edən ikitərəfli əlaqələrin daha da inkişafında mühüm rol oynayacaq”.
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət həyata keçirir və bu siyasət milli maraqlara əsaslanır. Ölkəmiz bütün beynəlxalq təşkilatlarla əlaqələrin inkişafında maraqlıdır. Hazırki həssas məqamda Azərbaycan mühüm bir coğrafiyada yerləşməklə yanaşı, həm də təhlükəsizlik arxitekturasını yenidən qurur. Bakı siyasi dialoqların daha da irəliyə aparılmasını, sülh və danışıqlar prosesini, terrorizmə qarşı aktiv mübarizəni, eləcə də, beynəlxalq hüququn təsbitini daim dəstəkləyir. Aİ və onun müxtəlif strukturları da rəsmi Bakının regiondakı lider statusunu qəbul edir. Aİ Şurasının Prezidenti Antonio Koştanın Bakı səfəri də məhz bu müsbət reallıqların açıq ifadəsi kimi səciyyələnir. Azərbaycan Prezidenti İlham Əliyevlə Aİ Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüş, aparılan müzakirələr və verilən bəyanatlar qarşılıqlı münasibətlərdə yeni mərhələnin başlanmasını təsdiqləyir. Bu müsbət tendensiyanın təməli Azərbaycan və Aİ liderləri arasında 2025-ci ilin may ayında Tiranada və oktyabr ayında Kopenhagendə keçirilmiş konstruktiv görüşlər zamanı qoyulub. Ötən il ərzində Azərbaycan və Aİ rəsmilərinin qarşılıqlı səfərləri, təhlükəsizliklə bağlı müzakirələr, dialoq təşkilat ilə ölkəmiz arasında münasibətlərin inkişafına öz töhfəsini verib. Bu müsbət dinamika əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi üçün əlverişli şərait yaradıb.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan beynəlxalq müstəvidə yeni nizamın formalaşdırılması prosesində əsas dövlətlərdən biri kimi qəbul olunur. Bunun da səbəblərindən biri qalib Azərbaycanın xarici siyasətinin dünyanın qlobal əhəmiyyətə malik prinsipləri üzərində fokuslanmasındadır. Başqa sözlə, Azərbaycan bütün dünyaya bərabərhüquqlu münasibətlər, beynəlxalq hüquqa hörmət və onun təmin edilməsi, ədalət və qarşılıqlı hörmət prinsiplərini təşviq edir. Məhz bu dəyərlərə əsaslanan siyasət nəticəsində Azərbaycan həm regional, həm də beynəlxalq səviyyədə tanınan, hörmət edilən və nüfuz qazanan dövlət statusu əldə edib. Azərbaycan Prezidenti ilə Aİ Şurasının Prezidentinin mətbuata bəyanatında da Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji əhəmiyyəti vurğulanıb, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqlik ifadə olunub. Qeyd edilib ki, bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarını əks etdirir, bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verir.
Prezident İlham Əliyevlə A.Koşta arasında keçirilən görüşdə Cənubi Qafqazda sülh prosesinin də müzakirə olunduğunu deyən Pərvin Kərimzadənin sözlərinə görə, 2020-ci ildə Cənubi Qafqazda yeni reallıqlar formalaşdıran Azərbaycan bölgənin siyasi xarakterini dəyişib. Belə ki, artıq regionumuz əməkdaşlıq platforması təqdim olunur. Qalib ölkə olmasına baxmayaraq Azərbaycanın irəli sürdüyü sülh təşəbbüslərinin Cənubi Qafqazın həm siyasi, həm də iqtisadi gələcəyi üçün yeni strateji xətt müəyyənləşdirməsi vacib amildir. Ötən ilin avqustunda əldə edilən Vaşinqton razılaşmaları da bu reallıqların uğurlu nəticəsi kimi qəbul edilir. Birgə bəyanatda da bu məsələyə xüsusi yanaşma sərgilənir. Belə ki, sənəddə Vaşinqton Sammiti, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi alqışlanır, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa işləri vurğulanır. Prezident İlham Əliyevin mətbuata bəyanatında dediyi kimi, əgər hər iki tərəf siyasi iradəni və sülhə sadiqliyini nümayiş etdirərsə, bu, dövlətlərin və xalqların barışığına dəlalət edən ən yaxşı göstəricidir. “Sülhdən yaxşı heç nə ola bilməz”,-deyə dövlətimizin başçısı vurğulayıb. Aİ Şurasının Prezidenti A.Koşta da deyib ki, həqiqi sülh təkcə siyasi razılaşmalar üzərində yox, insanların gündəlik həyatları, iqtisadi-ticari əlaqələr və ortaq rifah üzərində qurulur. O, Azərbaycanın regional rolunun heç vaxt görünmədiyi qədər önəmli olduğunu bəyan edib.
Deputat qeyd edib ki, Azərbaycanla Aİ arasında münasibətlərin əsasını enerji əməkdaşlığı təşkil edir. Azərbaycan Avropa enerji ailəsinin ən sadiq üzvü kimi uzunmüddətli təminat blokunda yer almaqla, yanacağın həcmlərinin artırılması və şaxələndirilməsi ilə coğrafiyanı da genişləndirib. Hazırda Azərbaycanın qaz nəql etdiyi 16 dövlətin 10-u Aİ ölkələridir. Bu yüksək etimad və sadiq tərəfdaşlığın nəticəsidir ki, Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş kimi tanıyır. Bir sözlə, respublikamızdan nəql olunan neft və qaz bir çox ölkələrin enerji təhlükəsizliyində və möhkəmləndirilməsində böyük dəyişiklik yaradır. Mövcud proqnozlara görə, 2026-2028-ci illərdə ölkəmzin Avropa regionuna ixracı 15-16 milyard kubmetrə çatacaq. Növbəti illərdə ixracın artırılması üçün digər mənbələr də səfərbər olunacaq. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, növbəti iki və ya üç il ərzində minimum 10 milyard kubmetr əlavə qazımız olacaq. Yanacağın böyük bir qismi də məhz Avropa qitəsinə yönləndiriləcək. Antonio Koştanın da etiraf etdiyi kimi, Azərbaycanın Avropa ölkələrinin enerji təchizatının şaxələndirilməsində rolu nəzərə alınaraq bu istiqamətdə mövcud imkan resurslarının daha da diversifikasiyası nəzərdə tutulur. Mövcud möhkəm hüquqi çərçivə sənədinə əsasən, Cənub Qaz Dəhlizinin nəql infrastrukturlarının artırılması da bu ssenariyə daxildir. Eyni zamanda, Prezidentlər uzunmüddətli vacib enerji tərəfdaşlığını xatırladaraq, Avropanın enerji təchizatının şaxələndirilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın rolunu etiraf ediblər və 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun davamlı icrasına sadiqliklərini bildiriblər. Onlar Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurasının əhəmiyyətini, külək və Günəş enerjisi də daxil olmaqla, bərpaolunan enerji mənbələri sahəsində enerji əməkdaşlığının genişləndirilməsi potensialını, həmçinin Qara dəniz sualtı kabeli layihəsi kimi qarşılıqlı elektrik enerjisi bağlantısı təşəbbüslərini qeyd ediblər.
“Beləliklə, Azərbaycan-Avropa İttifaqı əlaqələri böyük perspektivlər vəd edir. dünyada qlobal güc statusunda olan Aİ Azərbaycanın nəinki Cənubi Qafqaz, eləcə də Avropa məkanı üçün önəmini anlayır. A.Koştanın Prezident İlham Əliyevə müraciətlə “Sizin rəhbərliyiniz zəruridir və bizim tərəfdaşlığımız güclüdür. Biz onu xalqlarımızın rifahı naminə birlikdə daha da genişləndirə bilərik” deməsi dövlətimizin və onun rəhbərinin dünya miqyasında yüksək nüfuzunun etirafıdır!”, - deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.