Mətbuata bəyanatında Prezident İlham Əliyev bu yaxınlarda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının illik toplantısına da diqqət çəkərək bildirdi ki, ölkəmiz bu il qaz hasilatını artırmağı planlaşdırır. Ölkəmiz qazı yeni yataqda hasil etməyə başlayacaq və növbəti iki-üç il ərzində bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qaz əldə ediləcək.
Ölkə başçısı bəyanatında Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın digər istiqamətinin bərpaolunan enerji ilə bağlı olduğunu vurğuladı. Aydındır ki, Azərbaycanda bərpaolunan enerjinin böyük potensialı var. Hazırda ölkəmiz külək, Günəş və su elektrik enerjisinə böyük sərmayələr yatırır. Növbəti beş və ya altı il ərzində 6-8 giqavatlıq bərpaolunan enerjinin ixracı planlaşdırılır. Eyni zamanda, ölkəmiz Avropa tərəfdaşları ilə ötürülmə xətləri, dəniz dibi kabelləri, enerji infrastrukturunun digər fərqli hissələri üzərində işlər həyata keçirir.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə rəsmi səfəri zamanı mətbuata bəyanatında Prezident İlham Əliyev Ermənistanla sülh sazişinin paraflanması nəticəsində yaranmış imkanlara da diqqət çəkdi. Ölkə başçısı qeyd etdi ki, artıq daşımalar ikitərəfli gündəliyin mühüm hissəsidir. Həmçinin Orta Dəhlizin genişlənməsi üçün yeni imkanların açılması, təbii ki, nikbinliyi artırır. Prezident xüsusilə bildirdi ki, Azərbaycanın müstəqilliyi 1991-ci ildə bərpa olunsa da ölkəmiz və xalqımız cəmi yeddi aydır ki, sülh şəraitində yaşayır. Ermənistanla sülhün daimi olacağına ümidvar olduğunu bildirən Prezident İlham Əliyev iki ölkə arasında artıq ticarət əlaqələrinin başladığını qeyd etdi. Bundan əlavə digər ölkələrdən Azərbaycan ərazisi vasitəsilə Ermənistana gedən yüklərin tranzitinə bütün məhdudiyyətlər aradan qaldırılıb. Bu isə bir daha Azərbaycan dövlətinin sülhpərvər mövqeyini, eləcə də Prezident İlham Əliyevin güclü siyasi iradəsinin göstəricisi kimi qiymətləndirilməlidir.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri