12 mart 2026 22:57
172

Azərbaycanın Avropada artan rolu

Nizamı pozulan dünyada ölkələrə sülh və əməkdaşlıq daha çox lazımdır. Bunu son yarım ayda İran ətrafında baş verən qanlı hadisələr açıq göstərir. Hərbi eskalasiyalar nəticəsində yaranan xaosda iqtisadi əlaqələr əngəllənir, təhlükələr, risqlər artır, idxal-ixrac məsələləri çətinə düşür. Ancaq düzgün siyasət yeridən Azərbaycan bu kimi problemlərlə rastlaşmır. Bunu Avropa ölkələri və beynəlxalq təşkilatlar da təsdiq edir və Azərbaycana yaxınlaşırlar.

Martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə rəsmi nahar əsnasında geniş tərkibdə görüşündə etibarlı tərəfdaş kimi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi xüsusi qeyd olundu, 10 Avropa ölkəsinə qaz ixrac etməsi bunun tərkib hissəsi kimi qiymətləndirildi. On Avropa ölkəsinin qışın şaxtalı günlərində yanacaqla təchiz olunması bu ölkələr üçün taleyüklü məsələdir. Ona görə də “qoca qitə” etibarlı qaz təminatçısı kimi ümidini Azərbaycana daha çox bağlayır.

Görüşdə Orta Dəhlizin tərkib hissəsi kimi TRIPP layihəsinin önəmi vurğulanıb. Bu layihənin davamı olan Naxçıvan dəmir yolu xəttinin bərpasında və yenidən qurulmasında Avropa İttifaqının iştirakına toxunulub. Əgər təşkilat bu yolun tezliklə istifadəyə verilməsinə kömək göstərsə Azərbaycanın yük ötürmə qabiliyyəti daha qüvvətlənər və bundan hamı yararlanar.

Qədim İpək yolunu əvəz edəcək “Tramp marşrutu” Avropanı Orta Asiya və qitədəki digər ölkələrlə birləşdirəcək, ticari münasibətlərini və qarşılıqlı əməkdaşlığı yaxşılaşdıracaq. Yolu yüksək qiymətləndirənvə onu öz .ərəfinə adlandıran ABŞ Prezidenti Donald Tramp bildirib ki, həmin yoldan istifadə edən ölkələrin təhlükəsizliyinə zəmanət verilir. Yəni hansısa kənar qüvvə və ya dövlət yolun çəkilişinə və fəaliyyətinə maneçilik törədə bilməz. İndiki qarmaqarışıq zamanda belə zəmanət marşruta qoşulan ölkələrdə möhkəm inam və əminlik yaradır ki, kimsə onlara mane olmağa cəsarət etməz.

“Tramp marşrutu”nun əhəmiyyətini anlayan Avropa dövlətləri bu layihəyə maraq göstərməyə başlayıblar. Antonio Koştanın Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü və geniş tərkibdə danışıqlar aparması gələcək perspektivdən xəbər verir. Regionda müharibə bitən kimi “Tramp marşrutu”na hazırlıq intensivləşəcəkdir.

Avropada bir məsələni də yüksək qiymətləndirirlər ki, Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir, özünü etibarlı müttəfiq və təhlükəsiz tərəfdaş kimi aparır. O, qoşulmama hərəkatının üzvüdür, adı heç bir münaqişədə hallanmır, məqsədi sülh, iqtisadi əməkdaşlıq və inkişafdır.  Buna görə də dünyada nüfuzu və hörməti getdikcə artır. 

Vəli İlyasov, “İki sahil”