13 mart 2026 01:25
97

Türk xalqlarının ortaq Yeni Gün bayramı

Qədim tarixə və zəngin adətlərə malik olan və illərdir nəsillərdən-nəsillərə ötürülərək qeyd edilən Novruz təkcə türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir

Novruz türkün bütün əzəli torpaqlarında məskunlaşmış, eyni soykökə mənsub insanları sarsılmaz birliyə, dostluq və həmrəyliyə, bolluq və firavanlıq uğrunda birgə mübarizəyə səfərbər edən, onların milli-etnoqrafik dəyərlərini tarix boyu bütün incəliklərinə qədər qoruya-qoruya çağdaş dünyamızın qloballaşma meydanınadək gətirib çıxaran bəşəri bir bayramdır. Yaranış tarixi ilk bəşər övladının dünyaya qədəm qoyduğu gündən hesablanan, siyasi və dini düşüncələrlə heç bir əlaqəsi olmayan bu ümumxalq bayramının əsas qayəsi bolluq və firavanlıq, cəmiyyətdə ictimai bərabərliyi tarazlaşdırmaq, ziddiyyətləri aradan qaldırıb, ayrı-seçkiliyə son qoyub insanları həmrəyliyə səfərbər etmək, onların mənəvi tərəqqisinə və əxlaqi təkamülünə nail olmaqdır. Nizami, Firdovsi, Rudəki, Avisenna, Sədi, Hafiz kimi qüdrətli sənət korifeyləri və görkəmli maarifçilər Novruzun İslamdan çox-çox əvvəl qeyd olunduğunu öz əsərlərində tam parlaqlığı ilə açıb göstərmişlər. XI əsrin məşhur tarixçisi Əbu Reyhan əl-Biruni "Qədim xalqlardan qalmış yadigarlar" və "Qanuni-Məsudi" kimi əsərlərində Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranma səbəblərindən, həmin bayramla əlaqədar xalq arasında yayılmış adət və ənənələrdən bəhs etmiş, Novruzu əkincilik, bolluq və firavanlıq dastanının ilk səhifələri adlandırmış, onu bəşəri bir bayram kimi dəyərləndirmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də ilhamla tərənnüm edilmişdir. Nizami Gəncəvinin "İsgəndərnamə"sində, Əlişir Nəvainin "Səddi-İsgəndəri"ndə də eramızdan təxminən 300 il əvvəl Novruzun xalq arasında milli bayram kimi təntənə ilə qeyd olunduğu barədə ətraflı söhbət açılır.

Türk xalqları əsrlərdən bəri yaddaşlarda yaşayan Novruzu müxtəlif, rəngarəng adətlərlə qarşılayıblar. Onların digər qonşu xalqlarla əlaqələrinin olmasının nəticəsidir ki, Novruz bayramı fars, əfqan, hind, tacik kimi xalqlar, eləcə də Azərbaycanda yaşayan digər azsaylı xalqların nümayəndələri arasında da geniş yayılıb və qeyd edilir. Bəs bu gün necə, həmin qədim adətlər necə yaşadılır? Azərbaycan xalqı hər il bu bayramı martın 20-si ilə 23-ü arası müxtəlif mərasimlərlə qeyd edir. Bayram gününə qədər isə su, od, yel və torpaq çərşənbələri keçirilir. Süfrənin bəzəyi olan səməni yazın simvolu kimi göyərdilir. Hər evdə şəkərbura, paxlava, qoğal, fəsəli, qatlama kimi şirniyyatlardan ibarət xonça bəzədilir. Şam yandırılır, tonqal qalanır, ölənlərin xatirəsi yad edilir. Bayramda küsülülər barışır, qohum-qonşular bir-birinə qonaq gedirlər. Bu gün məxsusi olaraq, qulaq falına çıxan hər kəs sevindirici xəbər eşitmək arzusunda olur. “Kosa-kosa” oyunu, keçəlin məzəli əhvalatları bayrama xüsusi şənlik qatır.

Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsində Qaziantep və onun ətrafında 22 mart gününə “Sultan Novruz” adı verilib. Bu bölgədə, eləcə də Qarsda Azərbaycanda olduğu kimi, qapı pusma, baca-baca adətləri yaşadılır.

Qırğızıstanda Novruzda tonqal qalamırlar, amma evin, həyətin odla pak edilməsi adəti var. Qırğızlar bunu qədim türk şamanlarından qalma adət hesab edirlər. Onlar “Alas-alas, hər bəladan xilas” – deməklə, öz həyətlərini atəşlə pis ruhlardan təmizləyirlər. Darı yarmasından “Nouruz köcö ” adlı bayram yeməyi hazırlanır. Qırğız süfrəsində məxsusi olaraq Novruzda quzu ətindən və əriştəyə oxşar un məmulatından hazırlanmış beşbarmaq da olur. Bu şirniyyat əllə yeyildiyi üçün belə adlanır.

Türkmənistanda bayramdan beş-altı gün öncə, evlərin təmizlənməsi başlanır. Türkmən çörəyi, plovu və müxtəlif şirniyyatlar hazırlanır. Səməni Novruzun xüsusi yeməyi sayılır. Bir neçə ailə bir araya gəlib, böyük bir qazanda buğda, un və şəkərdən səməni bişirirlər. Bayrama bir gün qalmış bişirilən bu yemək 21 martda süfrələri bəzəyir. Qazaxıstanda, adətə görə, evlərin divarlarına, müxtəlif əşyalar üzərinə gil qablar atıb sındırırlar. Bu adət köhnə ilin pisliklərindən, xəstəliklərindən yeni ildə uzaq olmaq məqsədi daşıyır. Qazaxlar da tonqal üzərindən atlanırlar. “Novruz köcü”, Novruz şorbası və ya “lapa” adlı yeməklər bişirilib qonşulara paylanır.

Özbəkistanın Səmərqənd, Buxara, Əndican şəhərlərində Novruza həsr edilmiş şənliklər bir həftəyə qədər davam edir. Özbəklərin bişirdikləri xüsusi yeməklərdən ən əsası məşhur özbək plovu, samsa və sümələkdir. S hərfi ilə başlayan sünbül, səbzi, sirkə, iydə (sancid) kimi 7 nemət süfrəyə düzülür. Güləş və at yarışları bayrama xüsusi bir gözəllik qatır. Novruz günü bir-birlərini qucaqlamaq və danışmağa başlamazdan əvvəl üç qaşıq bal yemək ən əski adətlərdəndir. Bölgələrdə təsərrüfatda çalışan yaşlı insanlar əlini yağa batırıb öküzlərin buynuzunu yağlayır ki, yeni il bərəkətli olsun.

Altayda martın 21-də “Cılgayak” bayramı qeyd edilir. Bu bayram da Novruz kimi baharın gəlişi, təbiətin canlanması, yeni bir ilə qədəm qoyulması üçün keçirilir. Süfrəyə bal qatılmış qatıq, dondurulmuş və qurudulmuş ət, qoyun və mal dırnağından yeməklər təqdim edilir. Göy Tanrı dini ənənələrinin hakim olduğu Saxa-Yakutiyada Saxa türkləri Isıah Bayramını yazın gəlişi və ilin bərəkətli olması üçün Tanrıya şükranlıq bayramı kimi keçirirlər. Hollandiyalı səyyah İdesanın qeydlərində bu bayram haqqında ilk bilgilərə rast gəlinir. Şənliyin keçiriləcəyi əraziyə yarım ay qabaqdan ağaclar əkilir. Şaman yerə qımız səpir, dualar edir. Bu, keçmiş ildə olan pisliklərin qovulması, yeni ildə isə ancaq gözəl günlərin olacağına inam məqsədi daşıyır. Gənc qız və oğlanlar ürəyində arzu tutur, əkilmiş ağaca bir parça lent bağlayırlar. Bu inanc digər türk xalqlarında hələ də yaşamaqdadır.

Azərbaycanda Sovet dövründə digər milli-mənəvi dəyərlərimizlə yanaşı, Novruz bayramı da sərt qadağa və təqiblərlə üzləşirdi. Bütün bunlara baxmayaraq, xalq öz milli bayramını qeyri-rəsmi şəkildə olsa da, ailəsi ilə birgə qeyd edirdi. Azərbaycanın müstəqillik əldə etməsindən sonra isə xalqımız uzun illər ayrı düşdüyü milli-mənəvi dəyərlərinə, bayramlarına qovuşdu. Novruz bayramı ən yüksək səviyyədə öz layiqli qiymətini aldı və dövlət səviyyəsində daha böyük təntənə ilə qeyd olunmağa başlanıldı.

Hər il İçərişəhərdə bayram şənlikləri təşkil olunur, ölkə Prezidenti başda olmaqla rəsmi şəxslər də bayrama qatılır. Bugünlər xalqımız bahar bayramı Novruzu qarşılamağa hazırlaşır. Qoy bu Novruz özü ilə torpağımıza sülh, əmin-amanlıq, bərəkət və xoşbəxtlik gətirsin!

Sevinc Azadi, “İki sahil”