13 mart 2026 00:15
88

Enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir

Bakıda, "Gülüstan" sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumu keçirilir. Forumun indiki narahat günlərdə keçirilməsi təsadüfi deyil. Çünki onun işində eks-prezidentlər, baş nazirlər, tanınmış siyasətçilər iştirak edirlər.

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində iştirak və çıxış edib. Dövlətimizin başçısı deyib: “Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı biz ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırırıq. Keçən il - düz bir il əvvəl görüşdüyümüz zaman bizdən qaz alan ölkələrin sayı 12 idi. Bir il ərzində bu göstərici 16-ya yüksəldi və onların hamısı Azərbaycandan qazı boru kəmərləri vasitəsilə alır. Beləliklə, boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək.”

Xarici qonaqların qarşısındakı bu çıxış onu göstərir ki, Azərbaycan öz səmərəli əməkdaşlıq və humanist mövqeyində qalmaqdadır. Lakin ölkəmizdən asılı olmayan səbəblərə görə bütün işlər heç də rəvan getmir. Münaqişələr və müharibələr buna müəyyən qədər mənfi təsir edir. Prezident İlham Əliyev münaqişələrin və müharibənin ciddi fəsadlarının ümumi inkişafa mane olduğunu vurğulayıb:

 “Biz görürük ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır. Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir. Azərbaycan qazıntı yanacağı növlərinin satışından əldə etdiyi gəlirlər sayəsində nəqliyyat və logistika infrastrukturuna böyük sərmayə yatırıb. Bu gün biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə əvəzolunmaz tərəfdaşıq və əslində, həm Orta Dəhlizdə, həm də Şimal-Qərb dəhlizində fəal iştirak edən və investisiya yatıran yeganə ölkəyik. Azərbaycan ərazisində hər iki dəhliz üzrə tikinti layihələri tam şəkildə başa çatdırılmışdır.”

Bu mövzuda fikrini yekunlaşdıran Prezident “Sülhdən yaxşı heç nə yoxdur”-deyib. İqtisadi mövzudan geniş bəhs edən dövlət başçımız Azərbaycanın bu sahədə də zəngin təcrübəsi olduğunu qonaqların diqqətinə çatdırıb.

Fərəhli haldır ki, Azərbaycan mövcud dəhlizlərin yükaşırma qabiliyyətinin artırılmasına əlavə vəsait yatırır. Ona görə ki, ölkə ərazisindən istifadəyə tələbat sürətlə artır. Bu faktı son həftələrdə baş verən iqtisadi çətinliklər açıq göstərir. Biz bir çox ölkələr, həm Azərbaycanın şərqində, həm də qərbində yerləşən ölkələrin mühüm tranzit ehtiyaclarını təmin edirik. Hazırda isə Ermənistanla sülh edildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxından işləyirik, bu istiqamət Ermənistan ərazisindən keçəcək. Ermənistan isə bu gün müstəqillik tarixində ilk dəfə tranzit ölkəsi olacaq, qapıları dünyanın bir çox ölkələrinin üzünə açılacaqdır. Beləliklə, Ermənistan dalan ölkə olmaqdan xilas olacaqdır. Digər tərəfdən, yeni qazanc mənbəyi əldə edəcəkdir. Baş nazir Nikol Paşinyanın bildirdiyinə görə Ermənistan Naxçıvanın Bakı ilə tranzit əlaqəsinə hazırdır. Otuz altı ildir ki, bu xoş xəbəri gözləyirdik, nəhayət, o gün də gəldi. Bu isə bizə Azərbaycanın iki hissəsini-əsas hissəsi və Naxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optik kabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərləri vasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün, yəni ümumilikdə hamı üçün qarşılıqlı əlverişli vəziyyət yaradacaq.

Prezidentimizin forumda verdiyi bu məlumatlar iştirakçılarda Azərbaycanın düzgün və aparıcı mövqedə olmasına və Cənubi Qafqazın lider dövlətinə çevrilməsinə inamı bir daha möhkəmləndirir.

Vəli İlyasov, “İki sahil”