12 mart 2026 01:54
110

Tarix oğruları...

Belçikanın “Le Vif Weekend” onlayn jurnalı qədim Roma dövrünün ən yaxşı memarlıq abidələrinin siyahısını dərc edib. 51 ən gözəl abidə arasında Azərbaycana məxsus Gərni məbədi də var․ Məbəd siyahıda 37-ci yeri tutub.

Antik müəlliflər qarqarların Şimali Qafqazdan tutmuş Araz çayına qədər olan geniş ərazilərdə yaşadıqlarını qeyd edirlər. Gərni məbədinin yerləşdiyi ərazi tarixi Albaniyanın qərb sərhədlərinə və qarqarların məskunlaşdığı zonaya çox yaxındır. Bölgənin qədim türk tarixi ilə bağlı məlumatlarına qədim Assur və Urartu mixi yazılarında da tez-tez rast gəlmək olur. Bu gün Qərbi Azərbaycan ərazisində qeydə alınmış yüzlərlə toponimlərdə yaşamaqdadır. Təkcə elə İrəvan xanlığı tərkibinə daxil olan 15 mahaldan ikisi, Gərnibasar və ya Qarbibasar bu qədim etnosun adını daşımışdır.

Qədim qarqar türklərinə məxsus Gərni qalasının qalıqları da vaxtilə burada türk tayfalarının yaşadığını və onların xəttatlıq qabiliyyətini təsdiqləyir. Qədim Albaniyanın şimal-şərqində qarqar etnonimini özündə daşıyan toponimləri haqqında orta əsr ərəb müəllifləri öz əsərlərində qeyd etmişlər.

IX əsr müəllifi İbn Xordadbeh isə Qarqar şəhəri barəsində məlumat vermişdir. Hətta erməni tarixçisi S. Yeremyan özü də etiraf edir ki, qarqarların ölkəsi Azərbaycandır. S. Yuşkov, K. Trever qarqarları alban tayfası hesab etmişlər və onların özlərini “qalqay“ adlandırdıqlarını yazmışlar. O dövrdə avtoxon xalqlarından biri, güclü tayfa birliyi quran və böyük bir ərazidə yaşayan qarqarlar idi.

Tarixçi alim Zaur Əliyev bildirir ki, Gərni məbədi Günəş tanrısı Mihrə həsr olunub, qarqarların da inanc sistemində Mihr önəmli yerlərdən birini tuturdu. Eyni zamanda məbədin bəzi bəzək elementləri və daş işləmələri, sonradan Qarabağ və ətraf ərazilərdəki alban kilsələrində rast gəlinən naxışlarla oxşarlıq təşkil edir. Antik dövrdə qarqarlar da daxil olmaqla, bütün regional elita yunan dilini elm, diplomatiya və din dili kimi istifadə edirdi. Yunan alimləri ölkələrin tarixinə dair qiymətli əsərlər yazmışlar. Təsadüfi deyildi ki, Heredotu “tarixin atası” adlandırırdılar. Onun əsərləri və məlumatları ən mötəbər mənbə kimi qəbul edilirdi. Yunan filosofu və coğrafiyaçısı Qafqaz Albaniyası və Atropotena haqqında qiymətli məlumatlar vermişdir. Strabonun "Coğrafiya” əsəri bir növ onun itmiş "Tarixi qeydlər" əsərinin davamıdır. Müəllif "Coğrafiya" əsərinin 11-ci kitabında Azərbaycan haqqında məlumat vermişdir.

Gərni məbədinin memarlığında istifadə olunan naxışlar klassik Roma naxışlarından bir az fərqlənir. Orada daha çox yerli, həndəsi və simvolik elementlər, günəş çarxları, mürəkkəb həndəsi kəsişmələr var. Bu elementlər alban xristian memarlığında, qarqarların yaşadıqları Qarabağ və Girdiman zonalarında da eynilik təşkil edir. Roma məbədlərində naxışlar daha dərindir. Gərnidə isə naxışlar daha yastı və mürəkkəbdir. Bu, qədim qarqarların daş üzərində xalça görünüşlü naxış vurma ənənəsindən xəbər verir. Kəlbəcər, Laçın, İsmayıllı, Laçın, Tərtər və digər yerlərdəki alban monastrlarının ornamentləri bir-birinin eynidir və hamısı da onlar tərəfindən inşa olumuşdur.

Arxeoloji qazıntılar zamanı aşkar edilən məbədin altındakı daha qədim qatlar bölgənin aborigen tayfalarına aiddir. Qarqarlar indiki Azərbaycan Republikasının hər yerində olduğu kimi, bu qədim sivilizasiyaların varisləri olaraq bu ərazidə yaşayırdılar.

Vəli İlyasov, “İki sahil”