08 mart 2026 08:57
113

Cüdo üzrə Qran-Prinin ikinci günündə yığmamız aktivinə daha iki medal yazdırıb

Avstriyanın Linz şəhərində keçirilən cüdo üzrə Qran-Prinin ikinci günündə yığmamız aktivinə daha iki medal yazdırıb. 

“İki sahil” xəbər verir ki, hər iki medalı cüdoçularımız -81 kq çəki dərəcəsində əldə edib. Vüsal Qələndərzadə gümüş, Ömər Rəcəbli bürünc mükafata layiq görülüb. Vüsal zədələndiyi final görüşündə Adilet Almata (Qazaxıstan) məğlub olub. Ömər isə üçüncü yer uğrunda qarşılaşmada finlandiyalı Eetu İhanamakiyə qalib gəlib.

Xatırladaq ki, ötən gün Ruslan Paşayev (-66 kq) yarışın qalibi olmuşdu. 

Hesabında bir dəst medal olan Azərbaycan 59 ölkə arasında ümumi komanda sıralamasında üçüncü, kişilər arasında isə birinci pillədə qərarlaşıb.