Martın 5-də Ağdam şəhərinə köç edənlər respublikamızın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 90 ailə-346 nəfər köçürülüb
Qırx dörd günlük Vətən müharibəsi qazndığımız tarixi Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biri kimi müəyyən olunub. Otuz ilə yaxın işğal altında qalan Qarabağ və Şərqi Zəngəzur bu gün özünün yeni inkişaf dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış üzrə I Dövlət Proqramı uğurla icra olunur.
Bu gün Qarabağ və Şərqi Zəngəzur nəhəng tikinti meydanına çevrilib. Yollar salınır, məscidlərə yeni üzlüklər çəkilir, körpülər inşa olunur, hava limanları fəaliyyət göstərir. Bölgənin su resursları, münbit torpaq şəraiti, iqlimi imkan verir ki, Azərbaycanın gələcəkdə də ərzaq təhlükəsizliyi problemini həll etsin. Qısa zamanda Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək. Bu məsələ dövlətin strateji hədəfinə çevrilib və Böyük Qayıdış Proqramına uyğun olaraq, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün dövlət bütün imkanlarını səfərbər edib. Hazırda həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Qarabağa və Şərqi Zəngəzura davamlı səfərləri zamanı həyata keçirilən təməlqoyma və açılış mərasimləri, reallaşdırılan digər layihələr deməyə əsas verir ki, bu bölgələrin simasını tamamilə dəyişdirib. Ölkəmizin başçısının təşəbbüsü ilə Zəngilanda salınan ilk “Ağıllı kənd”- Ağalı kəndi təkcə müasir texnologiyaların deyil, həm də dövlət siyasətinin mərkəzində insanın dayandığını göstərən bir nümunəyə çevrildi.
Qırx dörd günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbə nəticəsində işğaldan azad edilən bütün rayonlarımız kimi, Ağdam da özünün inkişaf və dirçəliş mərhələsinə qədəm qoyub. Ölkəmizin başçısının rəhəbrliyi ilə Böyük Qayıdışın ən yüksək səviyyədə təmin edilməsi üçün Ağdamda da bütün dünyanı heyrətə gətirən layihələr reallaşdırılır. 2020-ci il noyabrın 23-də Ağdama səfər edən Prezident İlham Əliyev şəhərdə Azərbaycan Bayrağını ucaltdı. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Ağdam Cümə məscidini ziyarət etdilər. Prezidentimiz Ağdam məscidinin qarşısında çıxış edərək, erməni vandalizmini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı və Ağdamın yenidən bərpa ediləcəyini bildirdi. Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam bu gün özünün yeni inkişaf dövrünü yaşayır.
Böyük Qayıdış Proqramı çərçivəsində Ağdama köç edənlərin sayı gündən-günə artır. Martın 5-də Ağdam şəhərinə köç edənlər respublikamızın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 90 ailə - 346 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Böyük Qayıdış Proqramının uğurla icra edilməsinin nəticəsində işğaldan azad edilmiş ərazilərə köç müntəzəm şəkildə davam etdirilir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən ümumilikdə 75 mindən çox insan yaşayır. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan güclü iqtisadiyyata malik olan dövlətdir. Tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. Təbii ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Böyük Qayıdışın sevincini yaşayan insanlarımızda qürur hissi oyadır.
Zahid Rza, “İki sahil”