Son günlər regionda baş verən hadisələr Cənubi Qafqazda təhlükəsizlik məsələlərinin nə qədər həssas olduğunu bir daha göstərdi. İran İslam Respublikası ərazisindən həyata keçirilmiş və Naxçıvan Muxtar Respublikasında mülki infrastrukturu hədəf alan dron hücumu qətiyyətlə pislənilməli, beynəlxalq ictimaiyyət tərəfindən ciddi qiymətləndirilməlidir. Bu hadisə yalnız Azərbaycana qarşı təxribat deyil, həm də regionda sabitlik və təhlükəsizlik üçün ciddi təhdid kimi qiymətləndirilməlidir.
Hər şeydən əvvəl qeyd edilməlidir ki, baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. İran Silahlı Qüvvələri tərəfindən Naxçıvan ərazisinə dron zərbəsinin endirilməsi Tehran hakimiyyətinin apardığı siyasətin mahiyyətini ortaya qoyur və molla rejiminin riyakarlığının, nankorluğunun bariz nümunəsi kimi qiymətləndirilir.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, hücumun hədəfi mülki infrastruktura aid obyekt olub. Mülki obyektlərə dron hücumu təşkil etmək hərbi güc nümayişi deyil, əksinə acizlik və qorxaqlıq əlamətidir. Bu cür addımlar beynəlxalq humanitar hüququn və beynəlxalq münasibətlərin qəbul olunmuş norma və prinsiplərinin kobud şəkildə pozulması deməkdir.
Azərbaycan ərazisinə edilən bu hücum həm də beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin süni şəkildə artırılmasına xidmət edir. Cənubi Qafqazın uzun illər münaqişələrdən əziyyət çəkmiş bir region olduğunu nəzərə alsaq, belə təxribatların nəticələrinin nə qədər təhlükəli ola biləcəyini anlamaq çətin deyil.
Azərbaycan tərəfi hesab edir ki, İran İslam Respublikası qısa müddət ərzində baş vermiş hadisəyə aydınlıq gətirməli, rəsmi izahat verməli və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri və təxirəsalınmaz tədbirlər görməlidir. Bu, yalnız ikitərəfli münasibətlərin deyil, ümumilikdə regional təhlükəsizliyin qorunması baxımından da vacibdir.
Əslində Azərbaycan hər zaman qonşuluq münasibətlərinə sadiq qalan dövlət olub. Azərbaycan ərazisindən İran və ümumiyyətlə heç bir ölkə üçün heç vaxt təhlükə olmayıb və bu gün də yoxdur. Azərbaycanın xarici siyasətində əsas prinsiplərdən biri qarşılıqlı hörmət və mehriban qonşuluq münasibətlərinin qorunmasıdır.
Bunun ən bariz nümunələrindən biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən nümayiş etdirilən humanist və prinsipial mövqedir. İranın Ali Liderinin vəfatı ilə bağlı Azərbaycan dövlət başçısı dərhal başsağlığı verərək İran səfirliyini ziyarət etmiş və Azərbaycan xalqının həmrəyliyini ifadə etmişdir. Bu addım Azərbaycanın qonşularına münasibətdə səmimi və humanist siyasət yürütməsinin göstəricisi idi.
Azərbaycan heç vaxt riyakar siyasət yürütməyib, əksinə çətin günlərdə həmişə qonşularına dəstək göstərib. Hətta son hadisələrdən əvvəl Azərbaycan tərəfi İrana humanitar yardım göndərməyi də planlaşdırırdı. Belə bir şəraitdə İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti – mülki vətəndaşların istifadə etdiyi hava limanını hədəf alması açıq şəkildə terror aktı kimi qiymətləndirilməlidir.
Digər tərəfdən, İran rejiminin uzun illərdir öz ərazisində yaşayan milyonlarla azərbaycanlıya qarşı apardığı siyasət də məlumdur. Bu rejim azərbaycanlılara qarşı diskriminasiya siyasəti yürüdərək onları bir çox hüquqlardan məhrum edib, milli fəalları təqib edib, həbs və təzyiqlərə məruz qoyub. Bu faktlar Tehran hakimiyyətinin azərbaycanlılara münasibətinin hansı səviyyədə olduğunu açıq şəkildə göstərir.
Tarix göstərir ki, Azərbaycana qarşı təxribat və hücum edən qüvvələr sonda həmişə peşman olublar. Azərbaycan xalqı öz dövlətçiliyini, suverenliyini və təhlükəsizliyini qorumağa qadir olan xalqdır. İran tərəfi də bu qorxaq və məsuliyyətsiz addımının nəticələrinin ağır ola biləcəyini anlamalıdır.
Azərbaycan tərəfi beynəlxalq hüquqa uyğun olaraq müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Heç bir dövlət Azərbaycanın ərazi bütövlüyünü və təhlükəsizliyini təhdid edə bilməz. Şübhə yoxdur ki, bu hücum aktları cavabsız qalmayacaq və Azərbaycanın milli maraqları qətiyyətlə qorunacaq.
Regionda sülh və sabitlik yalnız qarşılıqlı hörmət, beynəlxalq hüquqa əməl və məsuliyyətli davranış nəticəsində mümkün ola bilər. İran tərəfi isə bu hadisədən nəticə çıxarmalı və regionda gərginliyi artıran addımlardan çəkinməlidir. Azərbaycan isə hər zaman olduğu kimi öz prinsipial mövqeyini qorumağa davam edəcək.
Jalə Əliyeva,
Millət vəkili,
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini