Müsəlman dünyası üçün xüsusi mənəvi əhəmiyyət kəsb edən Ramazan ayı birlik, mərhəmət və həmrəylik dəyərlərinin ön plana çıxdığı bir dövrdür. Bu müqəddəs ayda İslam ölkələri arasında qarşılıqlı hörmətin və dostluğun daha da möhkəmlənməsi gözlənilir. Lakin belə bir vaxtda Azərbaycan Respublikasına qarşı sərgilənən mənfi və gərgin mövqe cəmiyyətdə ciddi narazılıq və təəssüf doğurur.
İran İslam Respublikası tərəfindən Naxçıvan aeroportu və məktəb ərazisinə pilotsuz uçuş aparatının (dron) göndərilməsi Azərbaycan dövlətinə və xalqına qarşı yönəlmiş qeyri-dost addım kimi qiymətləndirilir. Mülki əhalinin, xüsusilə də uşaqların təhlükəsizliyini riskə atan bu cür hərəkətlər həm beynəlxalq humanitar prinsiplərə, həm də dini-mənəvi dəyərlərimizə kökündən ziddir. Məktəblər və digər mülki infrastruktur obyektləri hər zaman toxunulmaz və qorunmalı olan məkanlar hesab olunur. Ramazan ayı yalnız ibadət ayı deyil, həm də xalqlar arasında barışın, anlaşmanın və humanist münasibətlərin gücləndiyi bir zamandır. Bu baxımdan, müsəlman dövlətləri arasında qarşıdurmaya və gərginliyə səbəb ola biləcək addımların atılması xüsusilə həssas qarşılanır. Siyasi və hərbi gərginliklər təkcə dövlətlərarası münasibətlərə deyil, eyni zamanda xalqlar arasındakı psixoloji və mənəvi bağlara da ciddi zərbə vurur. Bu isə uzun illər ərzində formalaşmış qardaşlıq və mehriban qonşuluq münasibətlərinə kölgə salır.
Ziyalılar və ictimaiyyət nümayəndələri bu kimi halların təkrarlanmamasını arzulayır, xalqlar arasındakı dostluq bağlarının hər hansı siyasi gərginlikdən üstün tutulmasını zəruri hesab edirlər. Ramazan ayı insanların və xalqların bir-birinə daha çox yaxınlaşdığı, mərhəmət və qarşılıqlı anlaşma ruhunun yüksəldiyi bir dövrdür. Belə bir ayda sərgilənən gərgin mövqelər nə dini, nə də bəşəri dəyərlər baxımından qəbulolunandır. Regionda sülhün qorunması üçün provokativ addımlardan çəkinmək və dialoqa üstünlük vermək ən vacib şərtdir.
Dilarə Cəbrayılova,
V çağırış millət vəkili