Naxçıvana namərdcə, nakişi kimi zərbə endirmək ləkəsi çirkin və eybəcər simalardan heç vaxt silinməyəcək
Hazırda İranla baş verənlər hamını düşündürür. Yaxın Şərqdə, Suriya, Livan, İraq, Yəmən kimi ölkələrin qan çanağına dönməsində Tehranın izi təkzibolunmaz faktlarla sübut olunub. Livanda “Hizbullah”, İraqda hökumətə və orduya təsir edə biləcək “el- Haşdi eş-Şabi”, Suriyada iranlı generalların rəhbərlik etdikləri Fatimi alayları, Yəməndə vətəndaş müharibəsinin əsas aktorları olan Husilər, Fələstində “Əl Fəth”, “İslami Cihad”, “Qüds” qüvvələri kimi İrana bağlı hərbi-siyasi təşkilatlar məhz Yaxın Şərqdə davamlı sülhə, sabitliyə ağır zərbələr vurub. 30 illik Qarabağ münaqişəsi dövründə İran işğalçı, təcavüzkar Ermənistanı dəstəklədi. Qırx dörd günlük Vətən müharibəsində müsəlman Azərbaycana deyil, işğalçı Ermənistana hər cür dəstək verdi.
Bütün bunları bir kənara qoyaq. İranın Azərbaycanı-Naxçıvanı hədəf alması bir daha göstərir ki, Tehran rejimi öz xislətindən hələ də əl çəkməyib. Belə ki, martın 4-də Prezident İlham Əliyev İranın Bakıdakı səfirliyində olub. Başsağlığı verib. Azərbaycanın dəstəyini ifadə edib. 24 saat sonra Naxçıvana dron hücumu olub. İran ordusuna məxsus dronlarla Naxçıvan ərazisinə hücum həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının, digəri isə Şəkərabad kənd məktəbinin ya xınlığına düşüb. Nəticədə 4 nəfər xəsarət alıb, itki yoxdur.
Martın 5-də günorta radələrində Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub ki, 1 ədəd dron Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava Limanının binasına zərər dəyməsi və iki nəfər mülki şəxsin xəsarət alması ilə nəticələnən İran İslam Respublikası ərazisindən həyata keçirilən bu dron hücumlarını qətiyyətlə pislənilib.
Martın 5-də Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Tədbirdə çıxış edən dövlətimizin başçısı bildirib ki, İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Ölkə başçısı qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir: “Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər. Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim “Dəmir yumruğ”umuzu görəcək”. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq”.
Yeri gəlmişkən, Prezident İlham Əliyevdən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Bu barədə öləkəmizin başçısı bildirib: “Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı “Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi”.
Birmənalı demək olar ki, Azərbaycan ərazisinə bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir. İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsi, buna izahat verməsi və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görülməlidir.
Onu da qeyd edək ki, İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona etiraz notasının təqdim ediləcəyi bildirilib. Küveyt Xarici İşlər Nazirliyi (XİN) İranın bu gün Azərbaycana pilotsuz uçuş aparatları (PUA) ilə endirdiyi zərbələri, eləcə də Türkiyə səmasında İran PUA-sının vurulması ilə bağlı dünənki insidenti pisləyib. Küveyt XİN İranın Türkiyə və Azərbaycanı hədəf almaq cəhdini qətiyyətlə pisləyir və bildirir ki, bu, beynəlxalq hüququn və BMT Nizamnaməsinin açıq şəkildə pozulmasıdır. Nazirlik Küveytin Türkiyə və Azərbaycanla həmrəyliyini təsdiqləyir, onların öz suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçün gördükləri bütün tədbirləri dəstəkləyir. Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb: “ Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyi İranın Türkiyə Respublikası və Azərbaycan Respublikasının hədəfə almaq cəhdini ən şiddətli şəkildə qınayır”.
Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasın bəyanatında bildirilib ki, martın 5-də İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən pilotsuz uçuş aparatları vasitəsilə Naxçıvan Muxtar Respublikasının beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarının həyata keçirilməsi bütün Azərbaycan ictimaiyyəti kimi, Yeni Azərbaycan Partiyasının üzvlərinin də ciddi narahatlığına və böyük hiddətinə səbəb olub. Qeyd edilib ki, Azərbaycan-İran dövlətlərarası münasibətlərinin ruhuna və beynəlxalq hüquq normalarına zidd olan bu xain təxribat cəhdi regionda hərbi-siyasi gərginliyin artmasına xidmət göstərir: “Ərazi bütövlüyü və mütləq suverenliyini bərpa etməklə yeni reallıqlar yaradan müstəqil Azərbaycan dövləti hər zaman mehriban qonşuluq prinsipinə sadiq olub. Ölkəmizin bu gün milli maraqlar və qlobal çağırışları nəzərə almaqla həyata keçirdiyi konstruktiv siyasət və sülh diplomatiyası regionda etibarlı təhlükəsizlik və çoxşaxəli əməkdaşlıq kontekstində etimad quruculuğuna hədəflənib. Eyni zamanda, Cənubi Qafqazın lider dövləti kimi hərbi-strateji potensialını daha da gücləndirən Azərbaycan milli və regional təhlükəsizliyə yönəlmiş istənilən təhdidin qarşısını almağa qadirdir. Qonşu İran dövlətinin bu hücum aktını qətiyyətlə pisləyir, Azərbaycan xalqından üzr istəyərək, ölkəmizə qarşı qərəzli təbliğata və bütün təxribat cəhdlərinə birmənalı şəkildə son qoyulmasını tələb edirik!”.
Zahid Rza, “İki sahil”