05 mart 2026 15:01
280

Kamran Bayramov: İran bu xəyanətinə görə peşman olacaq!

Regionda sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində Azərbaycanın atdığı ardıcıl addımlara baxmayaraq, martın 5-də Naxçıvan Muxtar Respublikasının hava məkanı xain təcavüzə məruz qalıb. İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına və Şəkərabad kəndində yerləşən məktəbin yaxınlığına zərbələr endirilib. Mülki infrastrukturun hədəfə alınması və dinc sakinlərin xəsarət alması ilə nəticələnən bu cinayətkar əməllər dövlətimiz tərəfindən qətiyyətlə və ən sərt şəkildə pislənilir. 

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.

K.Bayramov qeyd edib ki, strateji döyüş meydanında deyil, məhz dinc insanların yaşadığı və hərəkət etdiyi mülki infrastruktura dron hücumu təşkil etmək açıq-aşkar acizlik və qorxaqlıq əlamətidir.  Bu hərəkət təkcə qonşuluq münasibətlərinə deyil, eyni zamanda beynəlxalq nizam və təhlükəsizlik sisteminə qarşı ciddi təhdid kimi qiymətləndirilməlidir. Azərbaycanın ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə ziddir və regionda gərginliyin təhlükəli səviyyədə artmasına xidmət edir. Suveren dövlətin sərhədlərini və daxili sabitliyini pozmağa yönəlmiş bu cür hərbi provokasiyalar Cənubi Qafqazda formalaşmaqda olan sülh prosesini qəsdən sarsıtmaq məqsədi daşıyır. Yaranmış vəziyyətlə bağlı rəsmi Bakının mövqeyi qəti və birmənalıdır. İran İslam Respublikası qısa müddət ərzində baş vermiş hadisə ilə bağlı aydınlıq gətirməli, mülki obyektlərin hədəfə alınması ilə əlaqədar rəsmi izahat təqdim etməlidir.
Eyni zamanda, bu kimi təhlükəli halların gələcəkdə təkrarlanmaması üçün Tehran tərəfi zəruri və təxirəsalınmaz tədbirlər görməyə borcludur. Azərbaycan tərəfi öz suverenliyini qorumaq üçün bütün beynəlxalq hüquqi mexanizmlərdən və adekvat cavab tədbirlərindən istifadə etmək əzmindədir.
Deputat diqqətə çatdırıb ki, Azərbaycan dövləti beynəlxalq münasibətlərdə, xüsusilə də yaxın qonşuluq siyasətində hər zaman sarsılmaz prinsiplərə sadiq qalıb. Tarix boyu Azərbaycan ərazisindən İran və ümumiyyətlə, heç bir ölkə üçün hər hansı təhlükə yaranmayıb və bu gün də belə bir təhlükə mövcud deyil. Rəsmi Bakı bütün beynəlxalq platformalarda mehriban qonşuluq münasibətlərini prioritet kimi irəli sürərək, regional sabitliyin əsas təminatçılarından biri kimi çıxış edir. Dövlətimizin bu səmimi və humanist yanaşması ən çətin və gərgin məqamlarda belə özünü aydın şəkildə göstərib.
Azərbaycan Prezidenti İlham Əliyev İranın Ali Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı verərək, şəxsən İran səfirliyini ziyarət etmiş və qarşı tərəfin kədərinə şərik olduğunu ifadə etmişdir. Bu addım Azərbaycanın siyasi mədəniyyətinin və qonşu xalqa göstərdiyi hörmətin ən yüksək təzahürlərindən biridir. Ölkəmiz heç vaxt ikili standartlara əsaslanan riyakar siyasət yürütməyib. Əksinə, çətin və ağır məqamlarda hər zaman qonşularına maddi və mənəvi dəstək göstərməyi özünə borc bilib. Hətta son hadisələr fonunda Azərbaycan İrana humanitar yardım göndərməyi planlaşdırırdı ki, bu da ölkəmizin regionda sülhün və qarşılıqlı yardımlaşmanın tərəfdarı olduğunu bir daha nümayiş etdirir.
Lakin Azərbaycanın bu qədər səmimi və dəstəkverici mövqeyi müqabilində, İran tərəfinin Naxçıvan ərazisində mülki obyekti dinc vətəndaşların istifadə etdiyi hava limanını hədəf götürməsi heç bir çərçivəyə sığmır. Humanitar yardım və başsağlığı mesajlarının verildiyi bir şəraitdə, dinc sakinlərə və mülki infrastruktura qarşı törədilən bu hücum açıq-aşkar terror aktı kimi qiymətləndirilməlidir. Bu, sadəcə hərbi təxribat deyil, həm də göstərilən bütün yaxşılıqlara qarşı nümayiş etdirilən nankorluğun pik nöqtəsidir.
K.Bayramov vurğulayıb ki, İranın bu son təxribatı illərdir yürütdüyü sistemli anti-Azərbaycan siyasətinin hərbi müstəviyə keçididir. Bu gün xarici siyasətdə təcavüzkar olan bu rejim, öz daxilində də azərbaycanlılara qənim kəsilib. Güney Azərbaycandakı soydaşlarımızı ən təməl hüquqlardan məhrum edən, onları daim ağır təzyiq altında saxlayan Tehran rəhbərliyi, milli kimliyini qorumağa çalışan azərbaycanlı fəalları amansızcasına təqib edib cəzalandırmaqla öz qorxusunu büruzə verir. Mülki hədəflərə hücum edən təfəkkürlə, öz vətəndaşlarının haqq səsini boğan təfəkkür eyni mərkəzdən qaynaqlanır. Lakin tarix hər kəsə mühüm bir dərsi dönə-dönə xatırladıb. Azərbaycana hücum edənlər həmişə öz əməllərinin acı nəticələri ilə üzləşərək peşman olublar. Naxçıvandakı dinc sakinlərə və mülki infrastruktura qarşı törədilən bu qorxaq əməl də istisna deyil. İran hakimiyyəti anlamalıdır ki, güclü ordusu və sarsılmaz xalq-dövlət birliyi olan Azərbaycana qarşı yönələn hər bir təxribat bumeranq effekti verəcək. Bu qorxaq hücumun arxasında duranlar mütləq şəkildə peşman olacaqlar. 
K.Bayramov əlavə edib ki, rəsmi Bakının mövqeyi qəti və birmənalıdır. Azərbaycan tərəfi öz təhlükəsizliyini təmin etmək və qorumaq üçün müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Heç kəs şübhə etməməlidir ki, mülki əhalini və dövlət suverenliyini hədəf alan bu hücum aktları cavabsız qalmayacaq. Azərbaycanın suverenliyinə qəsd edənlər törətdikləri bu çirkin əməllərin bədəlini ən ağır şəkildə ödəyəcəklər.