04 mart 2026 23:58
119

ABŞ paytaxtında Mərkəzi Asiya–Azərbaycan əməkdaşlığı diqqət mərkəzində

ABŞ-nin paytaxtı Vaşinqton şəhərində fəaliyyət göstərən Xəzər Siyasət Mərkəzi (CPC) “Yeni və genişlənmiş Mərkəzi Asiya: Trans-Xəzər dəhlizinin inkişafı üçün növbəti addımlar” mövzusunda konfrans təşkil edib.

“İki sahil” xəbər verir ki, tədbirdə ABŞ-də fəaliyyət göstərən diplomatlar, ekspertlər, akademiklər və biznes liderləri iştirak ediblər. CPC-nin baş eksperti Erik Rudenşioldin moderatorluğu ilə keçirilən müzakirədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim, Qazaxıstanın ABŞ-dəki səfiri Maqjan İlyasov və Özbəkistanın ABŞ-dəki səfiri Furqat Sidiqov çıxış ediblər.

CPC-nin prezidenti və baş icraçı direktoru Əfqan Nifti C6 formatının gələcək trayektoriyası ilə bağlı çıxış edib. O, son illərdə əldə olunan mühüm irəliləyişləri vurğulayaraq bildirib ki, bir neçə il əvvəl mümkünsüz görünən regional əməkdaşlıq indi daha sistemli və müntəzəm xarakter alıb. Onun sözlərinə görə, Xəzəryanı dövlətlər arasında dərinləşən əməkdaşlığın bariz nümunəsi Azərbaycanın Daşkənd Zirvəsində Mərkəzi Asiya Məsləhət Görüşləri çərçivəsinə rəsmi inteqrasiyasıdır. Bu dəyişiklik Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında strateji düşüncə tərzində də dönüşün göstəricisidir.

Açılış nitqindən sonra moderator Erik Rudenşiold müzakirələri davam etdirərək regionun dəyişən geosiyasi mənzərəsinə toxunub. O bildirib ki, onilliklər ərzində Mərkəzi Asiya və Cənubi Qafqaz ikinci dərəcəli geosiyasi regionlar kimi qiymətləndirilsə də, artıq bu mərhələ geridə qalıb. Onun fikrincə, C5 çərçivəsindən C6 formatına keçid yeni regional dinamika baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim C6 formatının gələcəyinin formalaşmasında regional birliyin rolunu vurğulayıb. O qeyd edib ki, C6 ölkələri getdikcə daha çox vahid mövqedən çıxış edir ki, bu da maraq və məqsədlərin uyğunlaşmasının göstəricisidir. Səfir əlavə edib ki, Azərbaycanın C6 blokuna rəsmi inteqrasiyasına baxmayaraq, altı ölkə praktikada uzun illərdir sıx əməkdaşlıq edir.

Qazaxıstanın ABŞ-dəki səfiri Maqjan İlyasov C5-dən C6-ya keçidin əhəmiyyətini xüsusi vurğulayaraq Azərbaycanın tamhüquqlu iştirakını tarixi mərhələ kimi qiymətləndirib və Xəzər dənizində strateji inteqrasiyanın yeni mərhələsinin başlandığını bildirib. Onun sözlərinə görə, Qazaxıstan bu prosesi fəal şəkildə dəstəkləyib. Səfir qeyd edib ki, Mərkəzi Asiya ölkələri və Azərbaycanın iştirak etdiyi C6 formatı və Orta Dəhliz geosiyasi şüar deyil: “Bunlar xalqlarımızın maraqlarına cavab verən və ABŞ tərəfdaşları üçün konkret imkanlar yaradan praktik inkişaf strategiyasıdır”.

Özbəkistanın ABŞ-dəki səfiri Furqat Sidiqov ABŞ–Mərkəzi Asiya münasibətlərinin möhkəmliyindən danışaraq Vaşinqtonda keçirilmiş son C5+1 görüşündə ABŞ rəhbərliyinin regionun bütövlükdə strateji əhəmiyyətini qəbul etdiyini vurğulayıb. O, Azərbaycan, Qazaxıstan və Özbəkistanın regional əlaqələrin inkişafındakı mühüm rolunu qeyd edib, xüsusilə kritik mineral sektoruna investisiyaların daşınması baxımından ABŞ-nin Orta Dəhlizə artan marağını diqqətə çatdırıb.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.