04 mart 2026 23:00
99

Çıxış problemin həllinin optimallaşdırılmasında əhəmiyyətli oldu

Dövlətlərarası iqtisadi münasibətlər siyasi münasibətlərlə tənzimlənir. İqtisadi münasibətlər isə özlüyündə həm də müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə formalaşır. Cənub Qaz Dəhlizi Məş­vərət Şurası da, Yaşıl Enerji Məşvərət Şurası da, belə təşkilatların fəaliyyətləri də belə forma­laş­manın təzahürüdür. Hər iki Məşvərət Şurasının Bakıda iclasları keçirildi. Cənub Qaz Dəhlizi Məş­vərət Şurası çərçivəsində nazirlərin 12-ci, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində na­zir­lərin 4-cü iclası. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər iki iclasda çıxış etdi.

Hər belə iclas mahiyyət baxımından əvvəlki iclasların davamı olur. Dövlət başçımız bu amilə əsas­lanaraq ötən iclasdan bəri görülmüş işlərin nəzərdən keçirildiyini, enerji təhlükəsizliyi və da­yanıq enerji əməkdaşlığı tərəfdaşlığının gücləndirilməsi üzrə fəaliyyətin planlaşdırıldığını, “Azəri-Çıraq-Günəşli” yatağının dərin qaz laylarından hasilatın bu il, “Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin iki-üç il ərzində başlayacağının, “Ümid” yatağının ikinci mər­hə­ləsi üzrə qaz hasilatına başlanacağının gözlənildiyini, Azərbaycanın Avro­pa­nın enerji bazarında mövcudluğunu ge­niş­ləndirmək niyyətində olduğunu diq­qətə çatdıraraq qeyd etdi ki, “Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir. Sonuncu dəfə çıxışım zamanı qaz təchizatının coğrafi­ya­sının ge­niş­ləndirilməsi ilə bağlı planlarımıza toxun­muş­dum. Gördüyünüz kimi, bu planlar artıq reallaş­dı­rılıb. Hesab edirəm ki, digər mühüm hadisə qaz təchizatımızın artıq Avropa hüdudlarından kənar­da­kı istiqamətlərə də çatması olmuşdur. İlk dəfə olaraq Suriyaya qaz tədarükünə başlamışıq ki, bu da Suriya xalqına mövcud olan kəskin elektrik enerjisi qıtlığının azaldılmasında yardım gös­tər­mək məq­sədi daşıyır”.

Azərbaycan enerji resursları baxımından təchizatçı dövlətlərdən biridir. Zəngin yeraltı və ye­rüstü sərvətlərə malik olan Azərbaycan Avropanın daha iki ölkəsinə - Almaniyaya və Avs­tri­ya­ya qaz tədarükünə başlayıb. Bu, həm dövlətin iqtisadi inkişafında səmərəlidir, həm də siyasi mü­na­sibətlərin daha geniş formatda formalaşması deməkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qaz təchizatının şaxələndirilməsi amili haqda dedi: “...Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik. Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi. Çünki qaz təchizatının şaxələndirilməsi hər bir ölkə kimi, bizim üçün də xüsusi əhəmiyyət daşıyır. Biz qaz qəbul edən ölkələrin şaxələndirmə ilə bağlı üzləşdikləri çətin­lik­ləri anlayırıq. Lakin, eyni zamanda, istehsalçı ölkələr üçün də şaxələndirmə mühüm amildir”.

Azərbaycan dünyəvi proseslərdən heç zaman kənarda qalmayıb. Dünyanı narahat edən ən böyük problemlərdən biri də enerji məsələsidir, əslində, enerji problemidir. Enerji resurslarının azalması, azalmanın davam etməsi buna ciddi münasibət göstərilməsini gündəmə gətirib, həm də bu problem əksər dövlətlərin, deməli, dünyanın problemidir. Azərbaycan bu problemin həlli baxı­mından da dünya dövlətlərinin diqqətindədir. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivə­sində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “...bunlar anlaşma memoran­dumları deyil, müqavilələrdir, beləliklə, tərəflərin müqavilə öhdəlikləri var. Biz 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyirik. Əlbəttə ki, bu, böyük aktivdir. Beləliklə, biz onu ixrac etməliyik. Hazırda elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı əvəzləmək məqsədilə daxili tələbat üçün istifadə etməliyik. Kommunikasiya sektoru, süni intellekt, data mərkəzləri ilə bağlı planlarımız da daxil olmaqla artan iqtisadiyyat və sənaye üçün şəraiti təmin etməliyik. Bütün bunlar mənim və ABŞ-nin Vitse-prezidenti tərəfindən imzalanan Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasından sonra artıq üzərində iş gedən layihələrdir. Bu Xartiya bir çox sahələri, o cümlədən süni intellekt, enerji, bağlılıq və bir çox digər məsələləri əhatə edir”.

Günəş enerjisinin, külək enerjisinin, potensial olaraq termal enerjinin, qazın və bütün müm­kün kombinasiyaların nəzərdən keçirildiyini bildirən, Xəzər dənizinin ildən-ilə dayaz­laş­dığını xatırladan dövlət başçımız dedi ki, “...biz bu yaxınlarda Türkiyədə ən böyük elektrik stansiyala­rın­dan birini əldə etmişik - 870 meqavat gücündə. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalandı. Beləliklə, bizim enerji təhlükəsizliyinə töhfəmiz yalnız öz sərhədlərimizlə, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır. Həmçinin bizim üçün mühüm nailiyyətlər, mühüm amillər arasında İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunması var. Əgər Egey dənizinin Türkiyə sahillərində artıq sahib olduğumuz 12 milyon tonluq neftayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialımız olacaq ki, bu da öz növbəsində sözsüz ki, neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək və minlərlə yanacaqdoldurma stansiyası bu razılaşmanın bir hissəsidir”.

Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivə­sində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclası dünyəvi proseslərin həlli istiqamətində mühüm tədbirlərdən biri oldu, bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çıxışı bu problemin həllinin optimallaşdırılması baxımından diqqəti çəkdi...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı