04 mart 2026 20:12
52

Bakı Biznes Universiteti ilə Qarabağ Təlim Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində Qarabağda iqtisadi inkişaf və innovativ sahibkarlıq üzrə 3 günlük təlim proqramı təşkil edilib

“Şəhərsalma və memarlıq ili” çərçivəsində Bakı Biznes Universiteti və Qarabağ Təlim Mərkəzinin birgə əməkdaşlığı ilə Qarabağda iqtisadi inkişaf və innovativ sahibkarlıq üzrə 3 günlük təlim proqramı təşkil edilib. Proqramın əsas məqsədi Universitetin professor-müəllim və tələbə heyətinin işğaldan azad edilmiş ərazilərdə uğurla həyata keçirilən şəhərsalma, bərpa və yenidənqurma prosesləri ilə yerində tanışlığını təmin etmək, Qarabağın zəngin memarlıq irsinin öyrənmək, eyni zamanda təlimlər vasitəsilə müəllim və tələbələrin startup, innovasiya və sahibkarlıq bacarıqlarını inkişaf etdirmək olub. Proqramın bütün loqistika və təlim modulları layihənin koordinatoru olan Qarabağ Təlim Mərkəzi tərəfindən xüsusi metodologiya əsasında hazırlanmışdır.

Proqramın ilk günü bələdçi müşayiəti ilə yol boyu Qarabağda aparılan bərpa-quruculuq işləri haqqında iştirakçılara ətraflı məlumat verilib, həmçinin Ağdam Cümə Məscidi, Ağdam Şəhidlər Xiyabanı, Əsgəran qalası, Xocalı şəhəri və Xankəndi şəhərində salınmış Zəfər Parkı ziyarət olunub.

Proqram çərçivəsində təşkil olunan sənaye və istehsalat ekskursiyası zamanı isə professor-müəllim və tələbə heyəti Xankəndi şəhərində fəaliyyət göstərən “Qarabağ Tekstil Evi” MMC ilə yerində tanış olublar. Ekskursiya müəllim və tələbələrdə regionda formalaşan yeni iqtisadi fəaliyyət mühiti, istehsal proseslərinin təşkili, məşğulluq imkanları və yerli iqtisadi canlanma haqqında praktik təsəvvürün formalaşmasına töhfə verib.

Proqramın ikinci günündə Xankəndi şəhərində yerləşən Qarabağ Təlim Mərkəzi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Enterprise Azerbaijan” və “Azexport” portallarının “Startup School Karabagh” adlı birgə layihəsinin təqdimatı olub. Tədbir Bakı Biznes Universitetinin çoxsaylı müəllim və tələbə heyətinin fəal iştirakı ilə keçirilib. Tədbirin məqsədi iştirakçılarda innovativ düşüncəni formalaşdırmaq, Qarabağın iqtisadi potensialını anlamaq və startup təşəbbüslərinə marağı artırmaq olub.

Tədbiri giriş sözü ilə açan Qarabağ Təlim Mərkəzinin direktoru Aytən Məmmədova çıxışında layihənin əsas məqsədləri, qurulan əməkdaşlıqların əhəmiyyəti və bu cür təşəbbüslərin gənclərin inkişafına verdiyi mühüm töhfələr barədə məlumat verib. A.Məmmədova vurğulayıb ki, rəhbərlik etdiyi mərkəz Qarabağda insan kapitalının inkişafı və gənc sahibkarların regiona inteqrasiyası üçün əsas platforma rolunu oynamağı hədəfləyir. Daha sonra Bakı Biznes Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor İbad Abbasov çıxış edərək işğaldan azad edilmiş ərazilərdə formalaşan yeni sosial-iqtisadi mühitin gənclər üçün yaratdığı imkanları, universitet–sənaye əməkdaşlığının əhəmiyyətini, innovativ sahibkarlığın regionların dayanıqlı inkişafındakı rolunu və tələbələrin nəzəri biliklərini praktik bacarıqlara çevirməsinin vacibliyini vurğulayıb. Rektor, həmçinin bu kimi proqramların tələbələrin sahibkarlıq bacarıqlarını gücləndirdiyini, real iqtisadi proseslərlə birbaşa tanışlıq imkanı yaratdığını qeyd edib. Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov isə işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergi güzəştləri və investisiya mühiti barədə ətraflı çıxış edib. O, tələbə-gənclərə praktik tövsiyələr verərək gələcək karyeralarının, o cümlədən sahibkarlıq fəaliyyətlərinin Qarabağda qurulması ilə bağlı mövcud perspektivləri diqqətə çatdırıb. Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq Filialının nümayəndəsi Kənan Süleymanlı tərəfindən isə prioritet fəaliyyət istiqamətləri, məşğulluğun dəstəklənməsi barədə həyata keçirilən layihələr və regionda görülən işlər barədə faydalı məlumatlar verilib.

Daha sonra “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov tərəfindən “İnnovativ sahibkarlıq və startap fəaliyyəti” mövzusunda təlim keçirilib və innovativ təşəbbüslərin formalaşdırılması, startup yanaşmasının əsas prinsipləri, gənclərin ideyalarının layihəyə çevrilməsi mexanizmləri barədə məlumat verilib. Ardınca “Azexport” portalının rəhbəri Ayxan Qədəşov tərəfindən “Rəqəmsal ticarət və Azexport portalının xidmətləri” mövzusunda təlim keçirilib. Təlimdə rəqəmsal ticarətin tətbiqi, məhsul və xidmətlərin daha geniş bazarlara çıxarılması imkanları, eləcə də elektron platformaların sahibkarlıq fəaliyyətində rolu izah olunub.

Təlimin növbəti hissəsində Bakı Biznes Universitetinin tələbələri öz startup layihələrinin təqdimatını həyata keçiriliblər. Tələbələr öz ideyalarını təqdim edərək startup layihələrinin məqsədi, hədəf auditoriyası, həll etdiyi problem, tətbiq mexanizmi və inkişaf potensialı barədə məlumat veriblər. Bununla yanaşı, layihə təqdimatları üzrə mentorluq xidməti və interaktiv startup müzakirələri təşkil olunub. Təlim proqramının yekununda Bakı Biznes Universitetinin tələbələrinə sertifikatlar təqdim edilib.

Proqramın son günü isə iştirakçılar üçün Şuşa şəhərinin zəngin memarlıq irsinin öyrənilməsi məqsədilə mədəniyyət turu təşkil edilib. Tur çərçivəsində Cıdır düzü, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Yuxarı Gövhər Ağa məscidi, Güllələnmiş heykəllər, Xurşidbanu Natəvanın sarayı və Xan qızı bulağı, Üzeyir Hacıbəylinin heykəli və onun əsərlərini yazdığı Tut bağı, Şuşa qalası və İsa bulağı ziyarət olunub.