05 mart 2026 10:08
140

Hər ailənin belə bir fərdi var…

Süfrədə hamını gözləyən insanların ortaq xüsusiyyətləri

Süfrədə hamının payı çəkilmədən yeməyə başlamamaq ilk baxışda sadə etiket qaydası kimi görünə bilər. Lakin psixologiya bu davranışın arxasında uşaqlıqdan formalaşan dəyərlər sisteminin və şəxsi xüsusiyyətlərin dayandığını göstərir. Bayram süfrələrində və ya digər məclislərdə yeməyi qarşısında olsa da səssizcə ətrafa baxaraq hamının yemək üçün hazır olmasını gözləyən şəxs əslində daxili hörmətini və incəliyini nümayiş etdirir. Mütəxəssislərə görə, bu davranışın arxasında adətən dörd əsas psixoloji xüsusiyyət dayanır.

Yüksək sosial həssaslıq və erkən uyğunlaşma

Yeməyə başlamazdan əvvəl hamının süfrəyə əyləşməsini gözləyən insanlar adətən ətrafına qarşı yüksək həssaslıq nümayiş etdirirlər. Bu, təsadüfi vərdiş deyil. Belə davranış çox vaxt paylaşmanın fərdi istəklərdən üstün tutulduğu ailə mühitində formalaşır. Psixologiyada bu proses “erkən uyğunlaşma” (early attunement) kimi izah olunur. Bu tip insanlar qrup daxilində kiminsə narahatlığını və ya çatışmazlığını hələ dilə gətirilmədən hiss edə bilirlər. Güclü empatiya və üstün emosional zəka onların sosial münasibətlərdə daha anlayışlı və balanslı davranmasına şərait yaradır.

Güclü özünənəzarət mexanizmi

Aclıq kimi fundamental bir instinkt qarşısında gözləməyi bacarmaq inkişaf etmiş özünənəzarət mexanizmi tələb edir. Psixologiya ədəbiyyatında bu “gecikdirilmiş həzz” (delayed gratification) qabiliyyəti kimi tanınır və uşaqlıq dövründə formalaşan təhlükəsizlik hissi ilə sıx bağlıdır.

Əgər uşaq ehtiyaclarının gec-tez qarşılanacağına dair sabit inamla böyüyübsə, gözləməyi itki deyil, təhlükəsiz səbr dövrü kimi qəbul edir. Bu əsas üzərində formalaşan böyüklər həyatın digər sahələrində də daha dözümlü və məqsədyönlü olurlar. Onlar qısamüddətli rahatlıq əvəzinə uzunmüddətli nəticələri üstün tuturlar.

Güclü ədalət və bərabərlik duyğusu

Süfrədə hər kəsin eyni dərəcədə iştirakını önəmli saymaq dərin ədalət hissinin göstəricisidir. Bu xüsusiyyət adətən resursların və diqqətin balanslı bölüşdürüldüyü ailə mühitində formalaşır. Belə insanlar bir başqasının kənarda qaldığı situasiyada özlərinin üstün mövqedə olmasından daxili narahatlıq keçirirlər. Yetkinlik dövründə də çox vaxt qrupun “vicdanı” rolunu oynayır, haqsızlıq qarşısında susmaqda çətinlik çəkirlər. Onlar üçün süfrə yalnız qidalanma məkanı deyil, sosial ədalətin və qarşılıqlı hörmətin kiçik modeli sayılır.

Qaydalara və rituallara hörmət

Gözləmək, eyni zamanda, struktur və qaydaya hörmətin ifadəsidir. Bu insanlar üçün qaydalar məhdudiyyət deyil, təhlükəsizlik yaradan çərçivədir. Uşaqlıqda yeməyin müəyyən başlanğıcı, gedişi və sonu olduğu öyrədilibsə, bu ritual həyatın xaosu içində sabitlik hissi yaradır.

Nəticə etibarilə yeməyə başlamazdan əvvəl verilən o qısa fasilə nəzakətli bir jestdən daha artıq məna daşıyır. Bu davranış insanın kimliyini, böyüdüyü sevgi və dəyər mühitini səssiz şəkildə əks etdirir. Bu, məcburiyyət deyil, şəxsiyyətə çevrilmiş nəzakətdir.

Şahnigar Əhmnədova, “İki sahil”