Azərbaycan Badminton Federasiyası ilə Dünya Badminton Federasiyasının birgə əməkdaşlığının nəticəsi olaraq “BWF Membership Grants” layihəsi çərçivəsində artıq bir neçə ildir ölkəmizdə həyata keçirilən “Shuttle Time” proqramının cari ildə yenidən tətbiqinə start verilib!
“İki sahil” xəbər verir ki, "Shuttle Time" proqramının 2026-cı ildə ilk olaraq Gəncədə yerləşən Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə icrasına başlanılıb. 50-dən çox məktəblinin cəlb olunduğu təlim Azərbaycan Badminton Federasiyası tərəfindən təyin edilmiş mütəxəssislər tərəfindən həyata keçirilib. Məktəblilər təlim çərçivəsində badmintonun nəzəri və praktik biliklərinə yiyələniblər.
BWF tərəfindən hazırlanmış, dünyanın ən yaxşı badminton layihələri sırasına daxil edilmiş, əyləncəli oyun əsaslı təlim sistemi uşaqların fiziki bacarıqlarını (sürət, çeviklik, koordinasiya) inkişaf etdirir, dözümlülüyü artırır.
Layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır. Proqramın cari ildə müxtəlif regionlarda keçirilməsi, bununla da badmintonun ölkə üzrə coğrafiyasının genişləndirilməsi nəzərdə tutulur.
“Shuttle Time” proqramı Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası (BEC), Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Nazir: Gələcəkdə qış idman növlərində də uğurlu nəticələr qazanacağımıza inanırıq
Elnur Məmmədov: Azərbaycan idmançıları beynəlxalq yarışlarda 2113 medal qazanıblar