04 mart 2026 01:28
98

“Marteniçka mövsümü” başladı

Bu qırmızı-ağ ipliklər nə vaxt taxılır, nə zaman çıxarılır?

Balkan xalqlarının qədim yaz ənənəsi olan Marteniçka və ya Martenitsa mərasimi hər il mart ayının əvvəlində yenidən canlanır. Qırmızı və ağ ipliklərdən hazırlanan bu simvolik bəzəklər sağlamlıq və rifah arzularının rəmzi kimi çıxış edir. Ənənənin kökləri Bolqarıstan ilə əlaqələndirilir və tarixi VII əsrə qədər uzanır.

Tarixi mənbələrə görə, Martenitsa mərasimi yazın gəlişini qarşılamaq və təbiətin oyanışını qeyd etmək məqsədi daşıyır. Bu ənənə əsrlər boyu qorunaraq nəsildən-nəslə ötürülüb və bu gün də Balkan ölkələrində geniş şəkildə qeyd olunur. Təkcə Bolqarıstanda deyil, həmçinin Yunanıstan, Albaniya, Rumıniya və Makedoniya ərazilərində də bu rituala rast gəlinir. Balkan mənşəli icmalar vasitəsilə ənənə Türkiyədə və regionun digər ölkələrində də yayılıb.

Martenitsa adətən 1 mart tarixində taxılır. Həmin gün Bolqarıstanda “Baba Marta” kimi tanınan ənənəvi mərasimlər keçirilir. İnsanlar bir-birlərinə qırmızı və ağ saplardan hazırlanmış bilərzik və ya kiçik bəzəklər hədiyyə edərək baharın gəlişi münasibətilə xoş arzularını bildirirlər. Qırmızı rəng həyatı və enerjini, ağ rəng isə saflığı və yeni başlanğıcları simvolizə edir.

Ənənəyə görə, Martenitsa taxan şəxs ilk qaranquşu və ya leyləyi gördükdə bilərziyi çıxararaq çiçək açmış ağacın budağına bağlamalıdır. Bu, təbiətin oyanışına qoşulma və ilin uğurlu keçməsi arzusu ilə əlaqələndirilir. Əgər ayın sonuna qədər leylək və ya qaranquş görünməzsə, bilərzik martın 31-də çıxarılır və istəyə görə növbəti ilə qədər saxlanıla bilər.

Martenitsa bilərziyinin hazırlanması da sadə üsulla həyata keçirilir. Bunun üçün qırmızı və ağ ipliklər eyni uzunluqda kəsilir, ucları birləşdirilərək düyünlənir və saplar bir-birinə dolanaraq hörülür. Son mərhələdə yenidən düyün vurulur. İstəyə görə müxtəlif dekorativ elementlər də əlavə edilə bilər.

Mədəniyyət tədqiqatçıları Martenitsanın yalnız simvolik aksesuar olmadığını, eyni zamanda, tarixi yaddaşı və ortaq dəyərləri yaşadan mədəni irs nümunəsi olduğunu vurğulayıblar. Baharın gəlişi ilə birlikdə yenilənmə və ümid rəmzi daşıyan bu yaz ənənəsi Balkan xalqlarının coğrafiyasında öz aktuallığını qorumaqda davam edir.

Şahnigar Əhmədova, “İki sahil”