İlahiyyatçı hacı Gülağa İsmayılov Ramazan ayı ilə bağli bəzi məqamları açıqladı
Məlum olduğu kimi, bütün İslam dünyası “on bir ayın Sultanı” mübarək Ramazan ayını yaşayır. Ramazan ayının orucunu tutmaq hər bir insanın həyatında dönüş nöqtəsinə çevrilir. İnsanın ruhu və cismi üçün son dərəcə böyük əhəmiyyəti olan orucluq mənəviyyata müsbət təsir göstərən İlahi gücə malikdir.
11 ayın Sultanı olan Ramazan ayının on üçüncü günüdür. Bu ayda oruc tutanlar niyyətlərinin qəbul olunması üçün nələrə diqqət etməlidirlər? Ramazan ayında ən çox səsləndirilən sualları dəyərli oxucularımız üçün Sumqayıt Cümə məscidinin imamı, ilahiyyatçı hacı Gülağa İsmayılov cavablandırır.

- Ramazan ayında hər gecə niyyət edilməlidirmi?
- Ramazan ayının orucu üçün niyyət vacibdir. Niyyət qəlbdə olmalıdır; dillə demək şərt deyil. Bu ayın əvvəlində bütün ayı oruc tutmağa ümumi niyyət etmək kifayətdir. Lakin hər gecə ayrıca niyyət etmək də caiz və daha ehtiyatlı davranışdır. Əsas odur ki, sübh azanından əvvəl qəlbdə sabah oruc tutacağını biləsən və qərarlı olasan.
- Sahura qalxmadan oruc tutmaq olarmı?
- Bəli, olar. Sahur müstəhəbdir, yəni savabı var və bərəkətlidir, amma vacib deyil. Əgər insan gecə niyyət edib yatıb və sübh azanına qədər oyanmayıbsa, orucu düzgündür.
- Namaz qılmıram, amma oruc tuturam. Oruc qəbul olurmu?
- Namaz və oruc ayrı-ayrı vacib əməllərdir. Namaz qılmamaq böyük günahdır, lakin bu, orucu avtomatik batil etmir. Oruc düzgün qaydada tutulubsa, şəri baxımdan səhihdir. Amma ibadətin kamilliyi üçün namazı da yerinə yetirmək lazımdır. Ramazan namaza başlamaq üçün gözəl fürsətdir.

- Hansı halda oruc pozulur?
- Sübh azanından məğribə qədər aşağıdakı işlər orucu batil edir: Qəsdən yemək və içmək, cinsi əlaqə, istimna, qəsdən qusmaq, sübhə qədər cənabət halında qalmaq (qüslü bilərəkdən gecikdirmək), Allah, Peyğəmbər (s) və Əhli beyt adından yalan demək, boğaza qatı toz və ya tüstü çatdırmaq, maye ilə imalə etdirmək, başı tamamilə suya batırmaq.( Bəzi müctəhidlərə əsasən), unudaraq yemək-içmək orucu pozmur.
- Arıqlamaq üçün oruc tutmaq nə dərəcədə doğrudur?
- Əsas niyyət Allahın əmrinə itaət olmalıdır. Əgər insan orucu vacib olduğu üçün tutur, eyni zamanda, arıqlamaq kimi dünyəvi fayda da əldə edirsə, eybi yoxdur. Amma sırf pəhriz niyyəti ilə vacib orucu tutmaq düzgün niyyət sayılmaz və tutulan oruc batil hesab edilər.
- Oruclu halda bədənə dərman yeritmək olarmı?
- Qida və enerji verən iynələr orucu batil edir. Müalicə məqsədli, qida sayılmayan iynələr (məsələn, antibiotik, ağrıkəsici və s.) orucu batil etmir. Serum və qidalandırıcı sistemlər isə orucu pozur. Zərurət halında xəstəlik səbəbilə orucu açmaq olar, sonra qəzası tutulur.
- Ramazanda nə zaman çimmək, yuyunmaq olar?
- Günün istənilən vaxtı çimmək və yuyunmaq olar. Bu, orucu pozmur. Sadəcə suyu udmamaq və boğaza getməməsinə diqqət etmək lazımdır. Cənabət qüslü sübh azanından əvvəl alınmalıdır. Əks halda, oruc batil olar.
- Oruclu insanın yanında su içmək, qida qəbul etmək olarmı?
- Şəri baxımdan üzrlü şəxs (məsələn, xəstə, səfərdə olan) yeyib-içə bilər. Amma oruc tutanların yanında açıq şəkildə yemək və içmək hörmətsizlik sayılır və məkruhdur. Ramazan ayının hörmətini qorumaq lazımdır.
- Orucu su və xurma ilə açmaq vacibdirmi?
- Vacib deyil. Hər halal nemətlə iftar açmaq olar. Lakin su və xurma ilə açmaq müstəhəbdir və savabı var. Peyğəmbərin (s) sünnəsidir. Peyğəmbər (s) iftar vaxtı əvvəlcə xurma ilə, xurma olmadıqda su ilə, bəzən də şirin bir qida ilə iftar edərdi.

- Ramazan orucu kimlərə vacibdir?
- Oruc aşağıdakı şəxslərə vacibdir: Həddi-buluğa çatmış (oğlanlar üçün təxminən 14, qızlar üçün təxminən 9 yaş), ağlı başında olan, səfərdə olmayan, sağlam olan, qadınlarda heyz və nifas halında olmayan şəxslərin oruc tutmaları vacibdir.
- Ağır şərtlərdə işləyənlər oruc tutmasa hökmü nədir?
- Əgər insanın işi həqiqətən dözülməz çətinlik yaradır və sağlamlığına ciddi zərər riski varsa, zərurət miqdarında su içə bilər və ya orucu aça bilər. Lakin sonradan həmin günün qəzasını tutmalıdır. Sadəcə çətinlik bəhanəsi ilə orucu tərk etmək icazəli deyil. Əgər mümkündürsə, iş vaxtını azaltmaq və ya məzuniyyət götürmək daha münasibdir.
Ramazan ayı bizə öyrədir ki, insan bəzən öz istəklərindən imtina etməklə böyüyür. Bu ayın əsl qazancı arıqlamaq yox, günahlardan yüngülləşməkdir. Süfrələr boşala bilər, amma qəlblər dolmalıdır. Allah bu ayda tutduğumuz orucları qəbul etsin və bizi Ramazanın həqiqi ruhuna çatdırsın.
- Amin.
Orxan Vahidoğlu, “İki sahil”