1997-ci il 10 avqustda Biləsuvar rayonunda anadan olan İqbal İlqar oğlu Astanlı Azərbaycan torpaqlarının 30 illik erməni işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə qanı bahasına tarix yazan qəhrəmanlardan biridir. Polad sinəsini Vətənin yaşamasına sipər edən İqbal odlardan, alovlardan keçməklə son nəfəsinədək yağıya qan qusdurub. Layiqli vətəndaş, igid, cəsur döyüşçü kimi ömrünü başa vurub. Məhz buna görə də şərəfli ölümü İqbala əbədiyaşarlıq qazandırıb.
Zəfər şəhidi İqbal Astanlı Vətəninə, xalqına gərəkli övlad olmağını Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbində sübut edib. Nümunəvi davranışı, yaxşı oxuması, sərbəst güləşə sonsuz həvəsi onu tanıyanlara həqiqi bir məhəbbətlə sevdirə bilib. Saflıq dünyasına üz tutan məktəbli İqbal yeniyetmələr arasında Respublika Çempionatında 3 dəfə qızıl medala sahib çıxıb. Qazandığı hər uğur onu yeni-yeni zirvələrə doğru aparıb. Həmçinin əldə etdiyi nailiyyətlərə görə Biləsuvar rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif olunub. El-obada hamı İqbalı yaxşı idmançı kimi tanıyıb və öz çempion oğluna böyük hörmət bəsləyib.
İqbal qısa zamanda respublikanın idman arenasında öz yerini tapa bilib. Olimpiya çempionu olmaq arzusu onu idmana daha da möhkəm bağlayıb. Amma dizində yaranan zədələnməyə görə müəyyən müddət məşqlərdən ayrılmağa, eləcə idmana ara verməyə məcbur olub. Qaldı ki, 2015-ci ildə sənədlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına verib. Tələbə adını qazananda çox sevinib. Yaxşı oxuması, nümunəvi davranışı, dürüstlüyü, mərdliyi, saflığı, ən əsası qanında çağlayan Vətən sevgisi onu həmişə başqalardan üstün edib. Tələbəlik dövründə hər ürəkdə özünəməxsus yeri olub.2019-cu ildə Akademiyanı bitirib. Uşaqlıqdan qəhrəmanlığı bilinən İqbal canına yağı dadanmış yurdunun qisasını almaq üçün həmin ilin iyul ayında Milli Ordu sıralarına yola düşüb.
Goranboyun Ballıqayada əlinə silah alıb Vətənin keşiyində durub. Əsgəri borcunu şərəflə yerinə yetirib, çoxdan bəri ürəyində gəzdirdiyi-dığalardan qisas alacağı günə hazırlaşıb. İqbalın mərdliyini, cəsarətini, qeyrətini görüb o Mingəçevirdə 708 saylı hərbi hissənin kəşfiyyat qrupuna göndərilib. Burada komandirlərinin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq görüb. Kəşfiyyat bölüyünün şəxsi heyəti arasında keçirilən müxtəlif təlimlərdən və neçə-neçə ağır sınaqlardan üzüağ çıxıb. Göstərdiyi əla döyüş keyfiyyətlərinə görə Fəxri Fərmanlar alıb. Beləcə hərbi hissədə hamı tərəfindən sevilən, komandirlərin gözü olan İqbal həm də kəşfiyyatçı yoldaşlarına yaxşı güləşməyi öyrədib.
Ötən aylar ərzində hərbin sirlərinə mükəmməl yiyələnən İqbal İkinci Qarabağ müharibəsi başlayan ilk gündən Vətən naminə böyük sevinclə, Qarabağı tezliklə azad görmək istəyi ilə odun-alovun içinə girib və məkrli düşmənlə sona qədər döyüşüb qisas alacağına and içib. Qarşısına qoyulan məqsədə nail olmaq üçün neçə-neçə döyüş və kəşfiyyat əməliyyatlarında yağının başına od ələyib. Vətən sevgisi, qazanılan hər qələbə igid döyüşçünü ancaq irəliyə aparıb. Bir neçə gün ərzində o, təpədən-dırnağadək silahlanmış terrorçu düşmənin çoxsaylı canlı qüvvəsini, hərbi texnikasını məhv edib. Talış yüksəkliyinin alınması uğrunda gedən döyüşlərdə daha çox düşmənə sarsıdıcı zərbələr endirib. Təəssüf ki bu onun son döyüşü olub. İqbal ağır ölüm-dirim savaşında qəhrəmancasına şəhadətə qovuşub.
Nəsibi müqəddəs şəhidlik zirvəsində boylanan səadəti olan, qazanılan qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna çevrilən İqbal Astanlı ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və digər medallara layiq görülüb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü