Prezident İlham Əliyev Bolqarıstan Prezidenti Liliyana Yotovanı bu ölkənin milli bayramı münasibətilə təbrik edib.
“İki sahil” xəbər verir ki, təbrikdə deyilib:
"Hörmətli xanım Prezident,
Bolqarıstan Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Bolqarıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin bugünkü səviyyəsi bizi sevindirir. İkitərəfli münasibətlərimiz qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edir, müxtəlif sahələri əhatə edən əməkdaşlığımız gündən-günə genişlənir və yeni məzmunla zənginləşir.
Yüksək səviyyəli siyasi əlaqələrimiz iqtisadi-ticari, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız üçün yaxşı zəmin yaradır. Əməkdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda nümayiş etdirdiyimiz fəal işbirliyi təqdirəlayiqdir.
Bu yaxınlarda Münxendə Sizinlə görüşümüzü və Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişaf perspektivlərinə dair apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.
İnanıram ki, mövcud imkanlardan yararlanaraq dövlətlərarası münasibətlərimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Bolqarıstan xalqına daim rifah və firavanlıq arzulayıram".
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunub
Şamaxıda keçirilən beynəlxalq iqlim toplantısında COP31 gündəliyi üzrə fikir mübadiləsi aparılıb
Rəşad Aslanov Azərbaycanın İtaliyadakı səfiri vəzifəsindən geri çağırılıb, Türkiyəyə təyin edilib