02 mart 2026 22:58
124

İsrailin Livana zərbələri nəticəsində 50-dən çox şəxs həlak olub

İsrailin Livana endirdiyi aviazərbələr nəticəsində 52 nəfər həlak olub, 154 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə "NewsBreak" rəsmi mənbəyə istinadən məlumat yayıb.

"İsrailin Beyrutun cənubuna və Livanın digər rayonlarına endirdiyi zərbələr nəticəsində azı 52 nəfər həlak olub və 154 nəfər yaralanıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, "Hizbullah" qruplaşması İsrailin şimalına raket və pilotsuz uçuş aparatları buraxandan sonra İsrail ordusu cavab atəşi açıb.

Livanın Baş naziri Nəvaf Salam Nazirlər Kabinetinin beş saatlıq iclasından sonra müharibə və sülh barədə qərarın yalnız Livan dövlətinin əlində olduğunu bəyan edərək "Hizbullah"ın bütün fəaliyyətinin dərhal qadağan edilməsi tələbini irəli sürüb.

Daha əvvəl İsrail Müdafiə Qüvvələri "Hizbullah"ın bütün Livan ərazisindəki infrastrukturunu və şəxsi heyətini hədəf alan hücum təşkil edəcəyini bildirib.