02 mart 2026 17:09
265

Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına böyük önəm verir - TƏHLİL

Prezident İlham Əliyevin ölkəmizə səfər edən Efopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə müzakirə edilən məsələlər, imzalanan sənədlər münasibətlərimizin gələcək inkişafının aydın mənzərəsini yaradır

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri, təbii ki, ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulması, dövrün çağırışlarına uyğun olaraq inkişaf etdirilməsi, yeni körpülərin qurulması fonunda qlobal problemlərin həllində birgə səylərin göstərilməsidir. Bu baxımdan Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin inkişafı da diqqətdən kənarda qalmır. Afrika ölkələri ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları mövcud potensialdan daha genişdir. Ölkəmizin qlobal və regional miqyasda artan nüfuzu, iqtisadi potensialı və gücü, eləcə də Prezident İlham Əliyevin nüfuzlu Lider kimi yürütdüyü uğurlu siyasət Afrika ölkələrinin Azərbaycanla əməkdaşlığa marağını getdikcə daha da artırır. Bir sıra Afrika ölkələrinin dövlət başçıları Azərbaycana səfər etmək, ikitərəfli münasibətləri daha da gücləndirmək niyyətlərini ifadə edir, ölkəmizi qitəyə investisiya qoymağa çağırırlar.

Bu günlərdə Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin ölkəmizə səfəri bir daha bu reallıqların təqdimatında əhəmiyyətli rol oynadı. Azərbaycan Afrika ölkələri ilə əlaqələrini ikitərəfli əməkdaşlıq, eyni zamanda, Qoşulmama Hərəkatı daxilində uğurla inkişaf etdirir, genişləndirir. Belə ki, Azərbaycanın quruma dörd illik sədrliyi müddəti Afrika qitəsi ölkələri ilə ikitərəfli münasibətlərdə yeni səhifə açdı. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi müddətinin bir il artırılması beynəlxalq nüfuzunun, təşkilatın beynəlxalq statusunun möhkəmləndirilməsinə verdiyi töhfələrin, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticəsində qlobal problemlərin həlli istiqamətində göstərdiyi səylərin təqdimatı oldu. Azərbaycanın quruma sədrliyi dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi dövrə təsadüf etdi. Bircə faktı qeyd etmək kifayətdir ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.

Azərbaycanla Afrika ölkələri arasında əlaqələrin inkişafı qarşılıqlı səfərlərdə özünün aydın ifadəsini tapır. Bu qitənin ölkələri ilə Azərbaycan arasında iqtisadiyyat, ticarət, kənd təsərrüfatı və humanitar yardım sahələrində yeni əməkdaşlıq perspektivləri açılır. Əsas hədflərdən biri Afrika dövlətləri ilə strateji tərəfdaşlıq və dəstək əlaqələrinin möhkəmləndirilməsidir.

Dövlət başçısı İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə istər təkbətək, istərsə də geniş tərkibdə görüşündə iki ölkənin əlaqələrinin gələcək inkişafından, bunun üçün mövcud imkanlardan geniş bəhs edildi. Geniş tərkibdə görüşdə qonaqları salamlayan Prezident İlham Əliyev bildirdi ki, Baş nazirlə tərəfdaşlığımızın bir çox vacib sahələrini əhatə edən söhbətimiz oldu. Baş nazirə bu yaxınlarda Efiopiyaya səfər etmiş Leyla Əliyevaya göstərdiyi qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən cənab İlham Əliyev vurğuladı ki, səfər ona yaxşı, böyük təəssürat bağışladı: “Yeri gəlmişkən, o, ilk dəfədir ki, nümayəndə heyətlərinin görüşündə iştirak edir və bu, onun Sizin ölkənizə, Sizin xalqınıza olan çox xüsusi münasibəti ilə bağlıdır.”

Dövlətimizin başçısı Efiopiyanın uğurla inkişaf etdiyini, beynəlxalq birliyin vacib bir üzvü olduğunu, iqtisadiyyatının artdığını önə çəkərək vurğuladı ki, əlbəttə, ikitərəfli münasibətlərimizin siyasi və iqtisadi, energetika, kənd təsərrüfatı, mədəniyyət sahələrində gücləndirilməsində çox maraqlıyıq. Bu səfər gələcək uğurlu əməkdaşlığımız üçün vacib amil olacaq və ölkələrimizə, xalqlarımıza çox yaxşı nəticələr verəcək.

Baş nazir Abiy Əhməd Əlinin “Cənab Prezident, əziz Qardaşım” müraciəti özündə iki ölkənin münasibətlərinin hazırkı mərhələsinin aydın ifadəsini yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dayanıqlı inkişafından məmnunluq ölkəmizə səfər edən hər bir ölkə rəhbərinin müraciətlərində, görüşlərində ifadə edilir. “Gözəl ölkənizdə olmaqdan məmnunam və şərəf hissi duyuram. Bakı gözlədiyimdən qat-qat təmiz və gözəl şəhərdir. Bu isə ölkə rəhbərliyinin buna sadiqliyini və yanaşmasını göstərir” söyləyən Abiy Əhməd Əli vurğuladı ki, bu, məni çox sevindirir: “Həmçinin Sizi təbrik etmək istərdim ki, dostlarınızın hamısı Sizinlə qürur duyur və Sizdən bir çox şeyləri öyrənirlər. Gözəl ölkənizlə münasibətlərimiz, qeyd etdiyiniz kimi, hələ sadəcə başlayır. Bununla belə, biz bu münasibətlərin strukturlaşmış, əməli və aydın nəticələrə yönəlmiş olmasını istəyirik. İki ölkə arasında çoxlu ortaq maraqlar var. İkimiz arasında, həmçinin çox uzlaşma mövcuddur. İndicə başladığımızla yanaşı, ümid edirəm ki, növbəti bir neçə ildə bizim birlikdə sərmayə yatıracağımız vacib sahələr olacaq və beləliklə, hər iki ölkə üçün fərq yaradacağıq. Leylaya gəldikdə, mən dostlarla ünsiyyət qura bilən və möhkəm bünövrə əsasında münasibətlər yaratmağı bacaran belə təcrübəli qızınızın olduğu üçün Sizi təbrik etmək istəyirəm. Əminəm ki, növbəti səfərdə o, ölkəmizin bəzi bölgələrini görəcək və mən də komandamı, ailəmi Azərbaycanla tanış olmaq və münasibətlərimizi gücləndirmək üçün göndərəcəyəm.

Söhbət zamanı Azərbaycanla Efiopiya arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olundu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu. Həmçinin kənd təsərrüfatı, mədən sənayesi, enerji, energetika, rəqəmsal transformasiya, süni intellekt sahələrində birgə kadr hazırlığı, turizm, mədəniyyət, təhsil, o cümlədən tələbə mübadiləsinin həyata keçirilməsi üzrə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı. Görüşdə, eyni zamanda, Efiopiyada “ASAN xidmət” konsepsiyası əsasında mərkəzlərin uğurla fəaliyyət göstərməsi, həmçinin “DOST” təcrübəsinin tətbiqi ilə bağlı müzakirələrin aparıldığı qeyd edildi. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos "Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzaladılar.

Hər bir səfərin əhəmiyyətini açıqlayan mühüm məqamlardan biri təbii ki, imzalanan sənədlərdir. Səfəri çərçivəsində “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Efiopiyanın Federal Etika və Antikorrupsiya Komissiyası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Efiopiya İnvestisiya Komissiyası arasında Anlaşma Memorandumu” və “Azərbaycan Televiziya və Radio Verilişləri“ QSC ilə Efiopiya Yayım Korporasiyası arasında Anlaşma Memorandumu” imzalandı.

“Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi COP29 iqlim konfransının uğurlu nəticələrinə, Azərbaycanın yüksək təşkilatçılığa malik olmasına əsaslanır. Ölkəmizin bu tədbirə ev sahibliyi iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Azərbaycan bununla bağlı qərarın qəbul olunduğu ilk günlərdən hazırlıq işlərinə start verdi və bu əminliyi ifadə etdi ki, tədbir yüksək səviyyədə keçiriləcək, gələcək COP-lara stimul olacaq. Bakı COP tədbiri sözün əsl mənasında ən möhtəşəm COP-lardan biri kimi tarixə düşdü, Azərbaycanın təqdimatı kimi dəyərləndirildi.

“Yaşıl dünya naminə həmrəylik!” şüarını rəhbər tutan Azərbaycan COP29-da bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Ölkəmiz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Bakı nailiyyəti çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirildi. Həmin tədbir çərçivəsində dövlət başçısı İlham Əliyevin digər iştirakçılarla yanaşı, Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasiye ilə də görüşü olmuşdur. COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Taye Atske Sellasiye bu tədbirin mükəmməl səviyyədə təşkil edildiyini, uğurla keçirildiyini və burada iştirak səviyyəsinin çox yüksək olduğunu bildirmişdir.

Ölkəmizin Afrika dövlətləri ilə əməkdaşlığında əsas istiqamətlərdən biri “ASAN xidmət” modelinə dair təcrübə mübadiləsidir. Bu, cənab İlham Əliyevin Efiopiyanın Baş naziri ilə görüşündə də xüsusi diqqət göstərilən məsələlərdən oldu. Azərbaycan hər zaman yeniliyə, təkmilləşməyə xüsusi maraq göstərən, innovasiyalar ölkəsi kimi dünyanın diqqətindədir. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət” layihəsinə beynəlxalq dəstək yüksək səviyyədədir. Bu layihə idarəçilikdə səmərəliliyin artırılmasında, şəffaflığın təmin edilməsində əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir. “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var.

“ASAN xidmət” modelinin tətbiqinə Afrika qitəsi ölkələri böyük maraq göstərirlər. “ASAN xidmət” təcrübəsinin ixracı istiqamətində Mərakeş, Uqanda və Efiopiya kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları ilə Anlaşma memorandumları imzalanıb. Somali Prezidentinin Azərbaycana səfəri zamanı imzalanmış sənədlərdən biri də bu sahədə əməkdaşlığa dair oldu.

Azərbaycanla Efiopiya arasında imzalanan sənədlər həm iki ölkənin, həm də ümumilikdə Afrika ölkələrinin əməkdaşlıqda nə qədər maraqlı olduqlarını təsdiqləyir. Əməkdaşlıqda iqtisadi amil hər zaman xüsusi önə çəkilir. İki ölkə arasında imzalanan sənədlərdə də bu faktor özünü qabarıq şəkildə büruzə verdi. Azərbaycan malik olduğu enerji resurslarında səmərəli istifadəsini reallığa çevirdiyi layihələrlə təsdiqləyir. Cənab İlham Əliyev çıxışlarında bu reallığı daim diqqətə çatdırır ki, açıq dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, biz Azərbaycanı önəmli nəqliyyat mərkəzinə çevirdik.

Qısa təhlil belə ümumiləşdirməyə əsas verir ki, ölkəmizin malik olduğu imkanlar, ən əsası xarici siyasətinin dəyişməz prinsipləri, əməkdaşlıq məkanı kimi nüfuz qazanması, münasibətlərdə qarşılıqlı etimad mühitinin qorunmasına verdiyi önəm əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.

Yeganə Əliyeva, “İki sahil”