“AzInTelecom” tərəfindən təqdim olunan SİMA İmza biometrik identifikasiya texnologiyasına əsaslanır və istifadəçilərə heç bir fiziki müraciət etmədən xidmətlərdən yararlanmağa imkan verir. Bu texnologiya istifadəçilərin şəxsiyyətini uzaqdan və təhlükəsiz şəkildə təsdiqləməyə imkan verir ki, bu da ənənəvi üsullarla müqayisədə daha sürətli və rahatdır. İstifadəçilər sənədləri saniyələr ərzində rəqəmsal şəkildə imzalaya bilir və bu proses tam məsafədən həyata keçirilir. Bu isə xüsusilə bank, sığorta və digər xidmət sahələrində əməliyyatların sürətini əhəmiyyətli dərəcədə artırır və müştəri məmnuniyyətini yüksəldir.

Bunu “AzInTelecom”un İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Amin Nəzərli “İki Sahil” qəzetinə müsahibəsində bildirib.
Qeyd edib ki, SİMA artıq bank, maliyyə, sığorta və telekommunikasiya sahəsində fəaliyyət göstərən 100-dən çox qurumla inteqrasiya olunub və 200-dən artıq elektron portala giriş imkanı yaradır. Tətbiqin yüklənmə sayının 6 milyonu keçməsi bu xidmətin ölkədə geniş istifadə olunduğunu və rəqəmsal transformasiyanın mühüm elementinə çevrildiyini göstərir. Bu göstərici vətəndaşların və bizneslərin rəqəmsal xidmətlərə artan etimadının da göstəricisidir.
Yaqut Ağaşahqızı, “İki sahil”