Avropada qaz qiymətləri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başlamasından sonra kəskin artıb.
“İki sahil” xəbər verir ki, Londonun ICE birjasının məlumatlarına əsasən, Niderlanddakı TTF habında təbii qaz üzrə aprel fyuçerslərinin qiyməti pik həddə 24,69% artaraq 1 Mvt·saat üçün 39,85 avroya (təxminən 1 000 kubmetr üçün 491 ABŞ dolları) çatıb.
Artım 21,06% təşkil edib və qiymət 1 Mvt·saat üçün 38,7 avro (təxminən 1 000 kubmetr üçün 471 dollar) səviyyəsində qərarlaşıb.
Qiymət sıçrayışı fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata başlamasından sonra qeydə alınıb. ABŞ prezidenti Donald Tramp əməliyyatın məqsədinin İranda hakimiyyət dəyişikliyi, nüvə proqramının dayandırılması, həmçinin raket potensialı və donanmanın məhv edilməsi olduğunu bəyan edib.
Analitiklərin fikrincə, Yaxın Şərqdə gərginliyin artması enerji bazarlarında qeyri-müəyyənliyi gücləndirir və bu, Avropada qaz qiymətlərinin volatilliyini artırmağa davam edə bilər.