Bu gün bir çox dünya dövlətləri bu mövzunu müzakirə edir və sosial media platformalarını uşaq istifadəçilər mövzusunda məsuliyyətli olmağa çağırır. Əslində, artıq hökumətlər çağırışdan daha çox yerli qadağaların gətirilməsi, qanunların sərtləşdirilməsi yolu ilə hesabatlılığı artırmağı nəzərdə tuturlar. Hazırda ABŞ Konqresində də eyni məzmunlu qanun layihəsi müzakirədədir. Ölkəmizdə hələ 2018-ci ildə Uşaqların zərərli informasiyadan qorunması haqqında qanun qəbul edilib və 2020-ci ildən qüvvəyə minib. Prezident İlham Əliyev tərəfindən 27 fevral 2026-cı ildə imzalanmış “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında sərəncam” sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı yeni hüquqi mexanizmlərin hazırlanması, məktəblərdə cihaz istifadəsinə qaydaların müəyyən edilməsi, kurikulumlara rəqəmsal savadlılıq və kibertəhlükəsizlik mövzularının daxil edilməsi, həmçinin valideyn və uşaqlar üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsini nəzərdə tutur. Məqsəd uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini və sağlam inkişafını təmin etməkdir.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirdi.
Sosial şəbəkələrin uşaqların həyatında erkən yaşdan geniş yer tutması onların rəqəmsal mühitdə hüquqi və texnoloji müdafiəsini zəruri edir
Deputat qeyd etdi ki, Azərbaycanda rəqəmsallaşmanın sürətlənməsi və sosial şəbəkələrin uşaqların həyatında erkən yaşdan geniş yer tutması onların rəqəmsal mühitdə daha güclü hüquqi və texnoloji müdafiəsini zəruri edir. Beynəlxalq təcrübəyə əsaslanaraq, uşaqların zərərli məzmundan qorunması, yaş məhdudiyyətlərinin tətbiqi, məlumat təhlükəsizliyinin gücləndirilməsi və platformaların məsuliyyətinin artırılması hazırda ölkəmizdə aktual məsələdir. Milli Məclisdə 16 yaşınadək uşaqların sosial şəbəkələrdə hesab açmasının qadağan edilməsi ilə bağlı təkliflər səsləndirilib. Bu yaş dövründə uşaqlar ətraf mühiti tam şəkildə dərk etmədikləri üçün müxtəlif qrupların söhbətlərinə qoşulmaları və manipulyasiyaya məruz qalmaları daha asan baş verir. Yeni hazırlanmış “Uşaq hüquqları haqqında” qanun layihəsi uşaqların hüquqlarına sistemli və kompleks yanaşmanı, beynəlxalq təcrübənin tətbiqini təmin edir. Qanunun icra mexanizminin necə olacağı isə vacib məqamdır. Bu isə, qanun qəbul edildikdən sonra müəyyən olunacaq. Ötən ilin dekabr ayında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda süni intellekt də daxil olmaqla, rəqəmsal mühitdə uşaqların hüquqlarının qorunması sahəsində mövcud problemlər və çağırışlar müzakirə edilib, uşaqların zərərli informasiyadan qorunması üzrə milli və beynəlxalq təcrübə paylaşılıb, rəqəmsal mühitdə uşaqların hüquqlarının müdafiəsində ailənin rolu vurğulanıb.
Bəzi hüquqi mexanizmlər ölkəmizdə tətbiq olunmalıdır
Pərvanə Vəliyeva vurğuladı ki, böyük texnologiya şirkətləri (Big Tech) bunun məsuliyyətini bildikləri halda, heç bir tədbir görmək istəmirlər. Sosial media platformalarının əksəriyyətində minimum yaş həddi 13 olsa da, bu yaşadək uşaqlar da bu platformalardan asanlıqla istifadə edir. Düşünürəm ki, bəzi hüquqi mexanizmlər ölkəmizdə tətbiq olunmalıdır. Belə ki, mövcud böyük sosial media şirkətlərinin təcrübəsinə uyğun olaraq, 16 yaşdan kiçik uşaqlara sosial media hesabı yaratmağa icazə verilməsini qadağan etmək müəyyən qədər uşaqların bu mühitin zərərlərindən qorunmasına kömək edə bilər. 17 yaşdan kiçik istifadəçilərə alqoritmlər vasitəsilə məzmun tövsiyə edilməsi də qadağan edilməlidir. 18 yaşadək isə tövsiyə edərdim ki, şəxsiyyətin təsdiqi ilə bağlı prosedurlar tələb olunmamalıdır. Bu, uşaq və yeniyetmələrin fərdi məlumatına aiddir və platformalar tərəfindən toplanması qadağan olunmalıdır.
Qadağalardan sonra uşaq valideynin ağıllı telefonu və sosial media hesablarını istifadə edəcəksə...
Depuratın fikrincə, sosial media uşaqların psixi sağlamlığının pisləşməsinin əsas səbəblərindən biridir. Çoxsaylı xarici tədqiqatlar göstərir ki, uşaqlar və yeniyetmələr sosial mediadan nə qədər çox istifadə edirlərsə, depressiyaya düşmə riskləri bir o qədər artır. Eyni zamanda, araşdırmalar sübut edib ki, uşaqlar və yeniyetmələr bir aydan artıq müddətdə sosial mediaya məruz qalmanı azaltdıqda və ya tamamilə dayandırdıqda, onların psixi sağlamlığında yaxşılaşma müşahidə olunur. Platformalar uşaqların psixi sağlamlıq böhranının dərinləşməsində mərkəzi rol oynadıqlarını bilirlər. Meta şirkətinin öz daxili araşdırmasına görə, yeniyetmələr narahatlıq və depressiya hallarının artmasına görə Instagram-ı günahlandırırlar. Hazırda sosial medianın “onlayn vaxtı pula çevirmə” modeli şirkətlərə uşaqlara nifrət dolu, depressiv və problemli məzmun təqdim etməyə imkan verir ki, bu da yeniyetmələrin psixi sağlamlıq böhranını gücləndirmiş ola bilər. Digər tərəfdən, hesab yaratmadan da bir çox sosial platformaları izləmək mümkündür. Bunu texniki cəhətdən əngəlləmək mümkün ola bilər, ancaq burada uşağın qanuni nümayəndəsinin də məsuliyyəti və nəzarəti artmalıdır. Tətbiq edilən qadağalardan sonra uşaq valideynin ağıllı telefonu və sosial media hesablarını istifadə edəcəksə, tənzimləmələr göstəriciləri yaxşılaşdırmayacaq. Ona görə də, cənab Prezidentin Sərəncamında da vurğulandığı kimi, valideynlər də rəqəmsal savadlılığının artırılması üzrə tədbirlərin fəal iştirakçısı olmalıdır. Məktəblər və 17 yaşadək yeniyetmələrin təhsil aldığı digər müəssisələr daxilində sosial media hesablarından istifadə məhdudlaşdırıla bilər.
Bu alqoritmlər uşaqları manipulyasiya edir, uyğun olmayan kontentlərə yönləndirir
Pərvanə Vəliyeva hesab edir ki, sosial media platformalarında şəxsin yaşının necə müəyyən ediləcəyi texniki məsələdir. Bunun üçün sosial platformalarla ölkəmizin əməkdaşlığı olmalıdır. Bu platformlara bizim ölkəmizdə universal qanunlarla deyil, bizim qanunlarla işləməlidir. Hazırda olan uşaq profilləri barədə platformalar artıq əhəmiyyətli həcmdə məlumata malikdirlər; məsələn, onların paylaşdıqları şəkillər, izlədikləri kanallar və ya qeydiyyat zamanı tələb olunan doğum tarixi kimi məlumatlar onlarda mövcuddur. Sosial media şirkətlərindən tələb olunmalıdır ki, mövcud məlumatlardan istifadə edərək platformada uşağın olub-olmadığını müəyyən etsinlər və istifadəçinin uşaq olduğunu bildikləri halda qanuna uyğun tədbirlər görsünlər. Lakin platformanın istifadəçinin yaşını faktiki olaraq bilmədiyi hallar da olacaqdır. Bu halda, ABŞ qanun layihəsi sosial media şirkəti üçün öhdəlik və ya məsuliyyət müəyyən etmir.
Sosial media platformaları, həmçinin, uşaqların paylaşımlara nə qədər baxdıqlarını və nəyə klik etdiklərini izləyərək onları platformada ən uzun müddət saxlamaq üçün fərdi şəkildə məzmun müəyyən edir və davamlı olaraq bu məzmunları onların qarşısına çıxarır. Bu, alqoritmdir. Alqoritmlər həm də uşaqları manipulyasiya edir, uyğun olmayan kontentlərə yönləndirməklə, qəsdən və bilərəkdən onları zərərli məzmunlar izləməyə vadar edir. Biz bunu da 17 yaşdan kiçik uşaqlar üçün qanunla qadağan etməliyik. Qanun qəbul olunarsa, şirkətlər problemli məzmunu yeniyetmələrə məcburi şəkildə təqdim edə bilməyəcəklər.
Deputat onu da qeyd etdi ki, texnoloji mühafizə vasitələri və valideyn nəzarət mexanizmləri uşağa ağıllı telefon satın aldıqda ona açılan cloud və ya gmail hesabın uşaq hesabı olduğunu qeyd etmək mütləqdir. Bu hesablar daxilində valideyn nəzarətini də quraşdırmaq olar ki, bu da, müəyyən mənada uyğun olmayan məzmunları uşaqların qarşısına çıxarmayacaq. Onu da qeyd edim ki, “YouTube Kids”, uşaqlar üçün zehni inkişaf etdirən digər proqramlar, təhsil platformaları və videokonfrans xidmətləri isə sosial media kimi qiymətləndirilmir. Uşaqların rəqəmsal mühit üzrə savadlılığı artırılan zaman onlar, həmçinin, doğru proqramlara istiqamətləndirilməlidir.
Cənab Prezidentin müvafiq Sərəncamında qeyd olunduğu kimi, uşaqların rəqəmsal rifahına dair elmi tədqiqatlar aparılmasına ehtiyac var. Qeyd etdiyim tənzimləmələr ölkəmiz üçün hazırki vəziyyət elmi-tədqiqatlarla müəyyənləşdirildikdən sonra tətbiq edilə bilər. Uşaqlar daha çox hansı zərərli platformalarda vaxt keçirir, hansı məzmunlara baxır, hansı təhlükəli oyunları oynayırlar – bunlar ölkə üzrə geniş tədqiqatla müəyyən olunub, problem-əsaslı qadağa və hüquqi çərçivələr gətirilməlidir.
Yaqut Ağaşahqızı, “İki sahil”