02 mart 2026 00:50
112

FT: Yaxın Şərq limanları bölgədəki münaqişə səbəbindən fəaliyyətini dayandırır

Bölgədə artan münaqişə fonunda Yaxın Şərqdə yerləşən bir sıra əsas limanlar əməliyyatlarını müvəqqəti dayandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti “Lloyd's List Intelligence” analitik şirkətinə istinadla məlumat yayıb.

Məlumata görə, Bəhreynin bütün limanları müvəqqəti olaraq bağlanıb. Bundan əlavə, Omanın Ərəbistan dənizi sahilində yerləşən Duqm limanı da fəaliyyətini dayandırıb. Bildirilir ki, liman bazar günü səhər saatlarında iki pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qalıb.

Aparıcı qlobal liman operatoru “DP World” da Dubaydakı Cəbəl Əli limanında əməliyyatları dayandırdığını açıqlayıb. Şənbə günü axşam hava hücumundan müdafiə sistemləri işə salındıqdan sonra düşən pilotsuz uçuş aparatının qalıqları limanın lövbər məntəqələrindən birində yanğına səbəb olub.

Eyni zamanda, “Lloyd's List Intelligence” Küveyt, Səudiyyə Ərəbistanı, Misir, Qətər və İordaniyada yerləşən limanların açıq qaldığını bildirib.