28 fevral 2026 20:20
102

"Böyük Dəbilqə": Azərbaycanın daha bir cüdoçusu qızıl medal qazanıb

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirində milli komandanın aktivinə daha bir qızıl medal yazdırıb.

“İki sahil” xəbər verir ki, 81 kiloqram çəki dərəcəsində çıxış edən Ömər Rəcəbli karyerasında ilk dəfə analoji yarışda çempionluq sevinci yaşayıb. Cüdoçu finala gedən yolda Rumıniya, Tacikistan, Yaponiya və Özbəkistan təmsilçilərini mübarizədən kənarlaşdırıb, həlledici qarşılaşmada isə Rusiya idmançısı Abdul-Kerim Tasuyevə tam üstünlüklə qalib gəlib.

Ömər turnir ərzində keçirdiyi 5 görüşün 4-də rəqiblərini ne-vazada osaekomi (saxlama) texnikası ilə məğlub edib. Bu nəticə həm də 22 yaşlı idmançının Dünya Turunda ilk qızıl medalı kimi tarixə düşüb.

Xatırladaq ki, turnirin ilk günündə milli komandanın üzvlərindən Əhməd Yusifov (60 kiloqram) qızıl, Balabəy Ağayev (60 kiloqram) isə gümüş medal qazanıb.

Hazırda hesabında 2 qızıl və 1 gümüş olmaqla, 3 medal olan Azərbaycan ümumi medal sıralamasında 39 ölkə arasında ikinci pillədə yer alıb.