27 fevral 2026 19:53
173

Azərbaycana hansı ölkələr DAHA ÇOX SƏRMAYƏ YATIRIB?

Ölkəmizdə investisiyaların qorunması üçün mövcud qanunlar davamlı olaraq təkmilləşdirilir

Ölkə iqtisadiyyatının inkişafına ciddi şəkildə təkan verən amillərdən biri də şəffaf investisiya mühitinin yaradılması, eyni zamanda, rəqabət mühitinin sağlamlaşdırılmasıdır. Bu amillərdən səmərəli istifadə edən dövlətlər bu gün iqtisadi göstəricilərinə görə dünyanın ən inkişaf etmiş ölkələri sırasındadır. Azərbaycan dövləti də son 23 ildə investisiya mühitinin sağlamlaşdırılması istiqamətində ciddi islahatlar aparmış, müasir iqtisadi inkişaf texnologiyaları tətbiq etmişdir. Məhz bunun nəticəsidir ki, bu müddətdə ölkə iqtisadiyyatına 250 miyard dollardan çox sərmayə yatırılmışdır.

Ölkəmizə investisiya yatırılması prosesinin sürətlənməsinin başlıca səbəbi bu sahənin  inkişafı üçün təkmil hüquqi bazanın yaradılmasıdır. Xüsusilə sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması, sahibkarlıq subyektlərinin dövlət orqanlarında qeydiyyata alınması proseslərinin asanlaşdırılması məqsədilə  «Bir pəncərə» sistemi təbiq edilərək ölkəmizdə biznesə başlama prosedurları 15-dən 2-yə və bunun üçün sərf olunan vaxt 30 gündən 2 günə endirilmişdir. Həmçinin fərdi sahibkarların vergi orqanlarına gəlmədən real vaxt (onlayn) rejimində qeydiyyata alınması sistemi işlək vəziyyətdədir.  O cümlədən sərmayə yatıranlara vergilərdə bir xeyli güzəşt və azadolma mövcuddur.

Ölkəmizdə xarici investisiyaların qorunması məqsədilə  mövcud qanunlar davamlı olaraq təkmilləşdirilir.  Azərbaycanın investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, Appelyasiya şuralarının təşkili, «İnvestisiya fəaliyyəti haqqında»  «Xarici investisiyaların qorunması haqqında», «Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında» qanunlarla və bir sıra normativ sənədlərlə tənzimlənir. Yəni, bu gün Azərbacanda xarici və yerli sahibkarın investisiyasına hər hansı təhlükə mövcud deyildir.

2025-ci ildə də ölkəmizdə investisiya yatırım sahəsində ciddi layihələrə imza atılıb. Belə ki, ötən ilin  22-23 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən  «Parçalanmış qlobal iqtisadiyyatda Şərq-Qərb, Şimal-Cənub əlaqələrinin gücləndirilməsi» mövzusunda Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda  müxtəlif ölkələrdən yüksək səviyyəli rəsmilər, biznes nümayəndələri, qlobal investorlar, aparıcı yerli və beynəlxalq şirkətlərini, maliyyə institutlarının, beyin mərkəzlərinin, yerli və xarici medianın təmsilçiləri daxil olmaqla ümumilikdə 1000-ə yaxın iştirakçı yer almışdı. Tədbir çərçivəsində ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya layihələrinə dair sənədlər imzalanmışdı. Bunlardan ölkəmizdə xarici investisiyaların cəlbi ilə qeyri-neft sektoru üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin dəyəri 7 milyard ABŞ dollarından çoxdur

Ölkəmizə investisiya axını bu gün də davam etməkdədir. Belə ki, 2026-ci ilin yanvar ayında bütün maliyyə mənbələri hesabına ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 1 405,9 milyon manat investisiya yönəldilib. Sektorlar üzrə investisiyaların həcmi belədir: qeyri-neft-qaz sektoru - 834,4 milyon manat, neft-qaz sektoru - 571,5 milyon manat. Cari ilin ilk ayında xarici dövlətlərin və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala 395,0 milyon manat investisiya yatırılıb ki, bu da bir il əvvəlki göstəricidən 33,5 faiz çoxdur. Əsas investor ölkələr aşağıdakılardır. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Türkiyə, Rusiya, ABŞ, Yaponiya, İsveçrə, İran, Macarıstan, Fransa, Birləşmiş Ərəb Əmirlikləri və s…

Elçin Zaman, "İki sahil"