27 fevral 2026 12:04
102

Son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdilər. Eyni zamanda, Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

Qeyd edək ki, hazırda işğaldan azad edilmiş ərazilərdə şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir. Bütün işləri öz daxili imkanları hesabına həyata keçirən dövlətimizin əsas hədəfi Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünün qayıdışına nail olmaqdır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir. Son beş ildə Böyük Qayıdışa doğru atılan addımların uğurlu nəticəsi göz önündədir. Bu ərazilərin bərpası, yenidən qurulması müasir tələblər səviyyəsində həyata keçirilir, soydaşlarımızın gələcəkdə burada yüksək rifah şəraitində yaşayışı üçün bütün zəruri addımlar atılır. Prezidentı İlham Əliyev hər zaman hədəflərdən bəhs edərkən bildirir ki, bu ərazilərdə yüksək yaşayışın təmin edilməsi üçün bütün zəruri olan addımlar atılacaq.

Sözügedən səfər çərçivəsində Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşü xüsusi diqqətdə oldu və hər bir ölkə vətəndaşında böyük qürur hissi yaratdı. Bəli, Xocavənd Böyük Qayıdışın növbəti ünvanı oldu. Prezident İlham Əliyev sakinlərlə söhbət zamanı bildirdi ki, siz məndən bir qədər tez, bir meçə gün əvvəl gəlmisiniz.  Doğma Qarabağ torpağına qayıtmağınız münasibətilə sizi ürəkdən təbrik edirəm. Əminəm ki, burada rahat, xoşbəxtlik içində, sülh, əmin-amanlıq içində yaşayacaqsınız. Uzun illər əzab-əziyyət içində yaşamısınız. Köçkün həyatı ağır həyatdır, həm mənəvi əzablar, həm fiziki çətinliklər, öz doğma torpağını tərk edib başqa yerə, hətta Azərbaycanın içində olsa belə getmək və əzab-əziyyət içində yaşamaq böyük sınaqdır. Siz bu sınaqdan şərəflə çıxmısınız: «Əminəm ki, bütün Azərbaycan xalqı, siz də hər zaman inanırdınız ki, bu gün gələcək və bu torpaqları biz azad edəcəyik, ədaləti bərpa edəcəyik, düşməni torpaqlarımızdan qovacağıq. Bildiyiniz kimi, vaxtilə işğal edilmiş torpaqların böyük hissəsi beş il bundan əvvəl Vətən müharibəsi zamanı azad olunsa da, Xocavənd hələ də işğal altında qalmışdı və xocavəndlilər də hesab edirdilər ki, nə vaxtsa vəziyyət dəyişəcək. Əminəm, cəmiyyətdə inam var idi ki, bir qarış torpaq da düşmənin tapdağı altında qalmayacaq və biz buna da nail olduq. Artıq iki ildən çoxdur ki, bütün əraziyə - Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət edirik. Düşmənin sonuncu yuvasını da dağıtmışıq, separatçıları da qovmuşuq, onları da məhkəmə qarşısında cavab verməyə məcbur etmişik və ədaləti tam bərpa etmişik.»

Müzəffər Ali Baş Komandanımız bildirdi ki, artıq o ağır dövr arxada qaldı, bir daha qayıtmayacaq. Bu gün dövlətimiz, ordumuz güclüdür və xalqımız bu illər ərzində artıq bütün dünyaya öz böyüklüyünü göstərmişdir. Son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmamışdır. İndi isə quruculuq vaxtıdır. Evlərin bəziləri bərpa edilib, yenidən qurulub. Bu proses davam etdiriləcək. On minlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır və onlardan təqribən 30 minə yaxını keçmiş köçkünlərdir.

Ölkəmizin başçısı sakinlərlə görüşündə bu torpaqlarda infrastruktur layihələrinin uğurlu icrasından, iş yerlərinin yaradılmasından geniş bəhs etdi. Vurğuladı ki, burada yaşayan insanların əksəriyyəti vaxtilə kənd təsərrüfatı ilə məşğul idi. Bu bölgənin çox gözəl təbiəti, münbit torpağı, suyu, bulaqları var. Əsas odur ki, insanlar artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək. Bunun üçün də hər zaman güclü, ayıq olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq. Necə ki, inamla baxırıq və yaşayırıq. Bundan sonra xalqımız sülh içində yaşayacaq.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri