26 fevral 2026 21:43
134

Qusarda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 11-ci Regional Konfransı keçirilib

Qusar rayonunda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 11-ci Regional Konfransı keçirilib

"İki sahil"in Şimal bürosu bildirir ki, TƏBİB və Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin dəstəyi, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının, Qusar Rayon Mərkəzi Xəstəxanası və “OKİ Hospital”ın birgə təşkilatçılığı ilə Qusar rayonunda Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin 11-ci Regional Konfransı keçirilib.

  Konfransda Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin sədri, professor Qurbanxan Müslümov, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Elnarə Muradova, “OKİ Hospital”ın rəhbəri Malik Kərimov və klinikanın baş həkimi İlham Kərimov, həmçinin Qusar Rayon Mərkəzi Xəstəxanasının həkim-mütəxəssisləri iştirak edib.

Çıxış edənlər bu cür elmi-praktik platformaların səhiyyə sisteminin inkişafında mühüm rol oynadığını vurğulayıblar.

Konfrans çərçivəsində müasir tibbi avadanlıqlardan istifadə olunmaqla professor Q.Müslümov tərəfindən laporoskopik xolesistektomiya, professor İslam Maqalov tərəfindən icra olunan sol yumurtalıqdan kistanın laporoskopik üsulla çıxarılması əməliyyatı konfrans zalına birbaşa translyasiya edilib.

Eyni zamanda cərrahiyyə, endoskopiya, ginekologiya, urologiya, radiologiya və otorinolarinqologiya ixtisasları üzrə panel müzakirələr təşkil olunub, həmçinin təlimlər və ustad dərsləri baş tutub.

Mütəxəssislər qeyd olunan istiqamətlər üzrə təqdimatlarla çıxış edib, klinik halların təhlili aparılaraq iştirakçıların sualları cavablandırıblar.

Konfransın ikinci günündə iştirakçılar lazer proktologiya, cərrahi tikiş, histeroskopiya, CPR, traxeostomiya, hemodializ və tibb bacıları üçün xüsusi modullarla bağlı intensiv praktiki təlimlərə cəlb olunub.

Qeyd edək ki, Qusarda keçirilən bu elmi toplantı regionlarda tibbi xidmətin inkişafına töhfə verməklə yanaşı, ölkə miqyasında multidisiplinar əməkdaşlığın gücləndirilməsi üçün strateji platforma rolunu oynayacaq.

Aydın Adıgözəlov,
Qusar, "İki sahil"in Şimal bürosundan