Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Azərbaycanın mədəniyyətlərarası kontekstində: Şəhər yaddaşı və memarlıq” adlı XVII Beynəlxalq Multikulturalizm Məktəbinə start verib.
“İki sahil” xəbər verir ki, Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycanın memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə tər güllər düzüblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər qoyulub. Sonra Şəhidlər xiyabanına gələn qonaqlar ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüblər. Bakının ən hündür nöqtəsindən paytaxtın mənzərəsini seyr edən məktəb iştirakçılarına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib.
Daha sonra XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayevlə görüşüblər. Akademik Kamal Abdullayev qonaqlara Azərbaycanın multikulturalizm ənənələrinin tarixi köklərindən, ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələrinin əsrlər boyu sülh və qarşılıqlı hörmət şəraitində yaşamasından bəhs edib. O bildirib ki, multikulturalizm Azərbaycanda yalnız siyasi kurs deyil, həm də xalqın həyat tərzidir. Bu siyasətin sistemli və ardıcıl şəkildə formalaşdırılması isə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. O qeyd edib ki, Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə milli-mənəvi dəyərlərin qorunmasını, tolerantlıq və mədəni müxtəlifliyin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm Azərbaycan dövlətinin beynəlxalq imicinin mühüm tərkib hissəsinə çevrilib, ölkəmiz mədəniyyətlərarası dialoq platforması kimi dünyada tanınıb.
Görüşdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. Akademik Kamal Abdullayev qonaqlara məlumat verib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı törədilən qətliam Azərbaycan tarixinin ən faciəli və ağrılı səhifələrindən biridir. Bu hadisə nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar və qocalar amansızlıqla qətlə yetirilib. Akademik vurğulayıb ki, Xocalı faciəsi təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağır cinayətdir.
Akademik diqqətə çatdırıb ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təcavüz və işğal siyasəti nəticəsində minlərlə insan həyatını itirib, yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından məcburi köçkün düşüb. Rektor vurğulayıb ki, bütün bu ağır sınaqlara baxmayaraq, Azərbaycan xalqı öz birliyini və həmrəyliyini qoruyub saxlayıb. Məhz bu milli birlik sayəsində Azərbaycan 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü bərpa edib. O bildirib ki, qazanılan Zəfər yalnız hərbi-siyasi uğur deyil, həm də xalqın milli ruhunun, dövlətə inamının və ortaq dəyərlərə sədaqətinin təntənəsidir.
Görüş interaktiv müzakirələrlə davam edib, tələbələr onları maraqlandıran sualları səsləndiriblər. Akademik Kamal Abdulla multikulturalizm siyasətinin elmi, mədəni və ictimai aspektləri barədə ətraflı fikirlərini bölüşərək belə təşəbbüslərin gənclər arasında mədəniyyətlərarası dialoqun gücləndirilməsində mühüm rol oynadığını bildirib.
Məktəb iştirakçıları Qafqaz Müsəlmanlrı İdarəsində və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olublar. Onlara Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi əsasları, dini etiqad azadlığının təmin olunması istiqamətində görülən işlər barədə məlumat təqdim verilib. Qeyd olunub ki, Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində fəaliyyət göstərir, dini icmalar dövlət tərəfindən dəstəklənir və onların fəaliyyəti üçün əlverişli mühit yaradılıb.
Qeyd edək ki, fevral ayının 25-dən mart ayının 3-dək davam edəcək XVII Beynəlxalq Multikulturalizm Məktəbində dünyanın 20 ölkəsindən 25-dən artıq tələbə iştirak edir. İştirakçılar Bakı şəhəri ilə yanaşı, Quba və Qusar rayonlarına səfər edərək Azərbaycandakı multikultural mühit, tolerant əhval-ruhiyyə, etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların nümayəndələrinin, fərqli konfessiyaların dinc, yanaşı yaşaması haqqında ətraflı məlumat əldə edəcəklər.
Məktəb çərçivəsində “Öz xalqını təqdim et” musiqili axşamlar da təşkil olunacaq. Burada iştirakçı tələbələr öz xalqlarının mədəniyyəti, adət ənənələri ilə bağlı məlumat verəcəklər.
Xatırladaq ki, Yay və qış məktəbləri layihəsi BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin məntiqi davamıdır. Tədris layihəsi çərçivəsində dünyanın və Azərbaycanın ali təhsil müəssisələrində Azərbaycan multikulturalizmini öyrənən tələbələr üçün yay və qış məktəbləri təşkil olunur. Burada məqsəd tələbə gənclərin nəzəri biliklərinin multikultural və tolerant dəyərlərin qorunub yaşandığı ölkəmizdə şahid olmalarına şərait yaratmaqdır. Artıq dəyərli ənənəyə çevrilən multikulturalizm yay və qış məktəblərinin nəticəsi olaraq xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması və güclü lobbisi formalaşıb. İntensiv şəkildə davam edən bu proses sübut edir ki, Prezident İlham Əliyevin Azərbaycanın dünyada tanıdılması istiqamətində müəyyənləşdirdiyi hədəflər uğurla reallaşmaqdadır.