26 fevral 2026 13:28
106

Meksikada zorakılıq təhlükəsi hələ də qalmaqdadır

Meksikanın qərbində yerləşən Qvadalaxara şəhərinə daxil olarkən bazar günü kartelin törətdiyi dəhşətli hücumun izləri hələ də görünür.

Yandırılmış avtomobillərin kömürə dönmüş qalıqları yol kənarlarında qalmaqdadır, magistral yollarda isə asfaltın yanıb qaralmış hissələri görünür. Bu dağıntılar ölkənin ən güclü və ən qorxulu kartellərindən biri olan "Xalisko" yeni nəsil kartelinin rəhbərləri Nemesio Oseqera, ləqəbi “El Menço”nun öldürülməsinə cavab olaraq onlarla nəqliyyat vasitəsini yandırmasından sonra meydana gəlib.

Bu mənzərə və talan edilmiş və ya yandırılan kiçik mağazaların görüntüsü kartelin vermək istədiyi mesajı açıq şəkildə göstərirdi: rəhbərləri olsa da, olmasa da, onlar hələ də güclüdürlər və küçələrdə dağıntı və xaos yaratmaq, geniş miqyasda qorxu və hədə-qorxu yaymaq gücünə malikdirlər.

Dünya KİV-ləri xəbər verir ki, Meksika Prezidenti Klaudia Şeynbaum bu yanaşmanı təkzib etməyə çalışır. O, mətbuat konfransında ölkənin böyük hissəsinə “sülh və sakitliyin” qayıtdığını bildirib və təhlükəsizlik qüvvələrinin reaksiyasını yüksək qiymətləndirib. Qvadalaxara şəhəri ətrafında hərbçilər və polis əməkdaşlarından ibarət konvoylar dövrə vurur. Onlar əhaliyə arxayınlıq hissi aşılamaq üçün yerləşdirilsə də, bir çox sakin üçün əksinə, narahatlıq hissini daha da gücləndirir.

Onların olmasına baxmayaraq, küçələr həmişəkindən daha boşdur – bu isə insanların həm Qvadalaxarada, həm də daha geniş Xalisko ştatında yeni zorakılıq dalğasından ehtiyat etdiyini göstərir. Əksər kiçik biznes obyektləri bağlanıb, məktəblər fəaliyyətini dayandırıb, işçilər ailələri ilə birlikdə evdə qalaraq diqqət çəkməməyə çalışıblar.

Meksikada on minlərlə insanın itkin düşdüyü bildirilir. Bir çox hallarda itkin düşənlərin narkotik kartellərinə zorla cəlb edildiyi – yaxud müqavimət göstərdikləri üçün qətlə yetirildiyi bildirilir. Meksika hökuməti isə Qvadalaxaranın Dünya Çempionatı çərçivəsində dünyanın müxtəlif yerlərindən gələcək on minlərlə qonağı idman ustalığının rəngarəng bayramı çərçivəsində qəbul etməyə tam hazır və qadir olduğunu bildirir.

Prezident Klaudia Şeynbaum bəyan edib ki, azarkeşlər üçün “heç bir risk yoxdur” və “bütün təminatlar mövcuddur”. O, gündəlik səhər mətbuat konfransında vəziyyətin normallaşdığını, təhlükəsizlik qüvvələrinin isə əhalinin qorunması üçün çalışdığını deyib.

FİFA prezidenti Canni Infantino jurnalistlərə açıqlamasında Meksikanın futbol üzrə Dünya Çempionatına ev sahibliyi ilə bağlı “tam arxayın” olduğunu bildirib.

Amma yerli sakinlərin Dünya Çempionatını istəmədiyi qeyd edilir. Onlar təhlükəsizlik istəyirlər, təmiz su istəyirlər və itkin düşmüş yaxınlarının geri qaytarılmasını istəyirlər.

Aytən Feyzili,
BSU-nun tələbəsi