Milyonlarla Müsəlmanın oruc tutduğu Ramazan ayında bu ibadətin orqanizmə təsiri yenidən müzakirə mövzusuna çevrilib. Mütəxəssislər bildiriblər ki, 30 gün davam edən oruc rejimi bədəndə mərhələli şəkildə dəyişikliklər yaradır və xüsusilə ilk həftədən sonra adaptasiya prosesi daha aydın hiss olunur.
İlk günlər ən çətin mərhələdir
“BBC Türkçe”nin mövzu ilə bağlı məlumatına görə, insan orqanizmi son qidadan təxminən 8 saat sonra aclıq rejiminə keçdiyini “dərk edir”. Bu mərhələdə bağırsaqlar qəbul edilən qidaları tam həzm etdikdən sonra orqanizm öz enerji ehtiyacını ödəmək üçün qaraciyər və əzələlərdə toplanmış qlükozadan istifadə etməyə başlayır. Qlükoza ehtiyatı azaldıqda isə enerji mənbəyi kimi yağ toxuması işə düşür. Yağların parçalanması çəki azalmasına, xolesterin səviyyəsinin enməsinə və 2-ci tip diabet riskinin azalmasına müsbət təsir göstərə bilər. Lakin ilkin mərhələdə qanda şəkərin səviyyəsinin enməsi halsızlıq, yuxusuzluq, baş ağrısı, ürəkbulanma və ağız qoxusu kimi əlamətlərlə müşayiət oluna bilər. Ən çətin dövr adətən ilk bir neçə gün hesab olunur.
3-7-ci günlər: Orqanizm uyğunlaşmağa başlayır
Bu mərhələdə bədən yeni qidalanma rejiminə adaptasiya prosesinə daxil olur. Orqanizmin yağ ehtiyatları enerji istehsalında daha aktiv istifadə edilir. Lakin iftar və imsak arasında maye qəbulunun azalması səbəbindən susuzlaşma riski artır. Bu səbəbdən axşam saatlarında kifayət qədər su içilməsi, balanslı şəkildə karbohidrat, zülal və sağlam yağların qəbul edilməsi vacib sayılır. Mütəxəssislər duz və maye balansının qorunmasına xüsusi diqqət yetirilməsini tövsiyə edirlər.
8-15-ci günlər: Metabolik tarazlıq bərpa olunur
İkinci həftədən etibarən orqanizm oruca böyük ölçüdə uyğunlaşır. “Cambridge University Hospitals”ın anesteziya və reanimasiya üzrə məsləhətçisi Razeen Mahroof bildirib ki, bu mərhələdə bədəndə müsbət dəyişikliklər müşahidə oluna bilər. Onun sözlərinə görə, gündəlik həyatda həddindən artıq kalori qəbulu orqanizmin bərpaedici funksiyalarına mane ola bilər. Oruc zamanı isə enerji balansı yenidən qurulur və bədən daha vacib funksiyalara, o cümlədən immuniteti müdafiə etməyə diqqəti yönəldə bilir. Bu da infeksiyalarla mübarizəni və sağalma prosesini asanlaşdıra bilər.
16-30-cu günlər: Orqanlar maksimal fəaliyyət rejiminə keçir
Ramazanın ikinci yarısında orqanizm tam uyğunlaşma mərhələsinə çatır. Mütəxəssislərin fikrincə, bu dövrdə yoğun bağırsaq, böyrəklər və dəri vasitəsilə toksinlərin xaric olunması prosesi aktivləşir. Həkim Mahroof qeyd edib ki, orqanlar bu mərhələdə daha səmərəli işləməyə başlayır. Yaddaş və diqqət qabiliyyəti güclənə, enerji səviyyəsi arta bilər. Bununla belə, həkimlər vurğulayıblar ki, xroniki xəstəliyi olan şəxslər oruc tutmazdan əvvəl mütləq tibbi məsləhət almalıdır. Orucun sağlamlığa təsiri fərdi xüsusiyyətlərdən, qidalanma rejimindən və ümumi həyat tərzindən asılı olaraq dəyişə bilər. Balanslı qidalanma və kifayət qədər maye qəbulu isə bu prosesin sağlam şəkildə davam etməsinin əsas şərti hesab olunur.
Şahnigar Əhmədova, “İki sahil”