20 fevral 2026 22:46
131

“Rəqəmsal dövrdə süni intellekt və mediasiya” adlı kitab nəşr olunub.

Azərbaycanda süni intellektin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edilib.

“Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda süni intellekt texnologiyalarının insan hüquqları, etik prinsiplər, şəffaflıq və hüquqi təhlükəsizlik tələbləri nəzərə alınmaqla tətbiqi əsas məqsədlərdən biri kimi müəyyən edilib.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Azərbaycan Respublikası Mediasiya Şurasının dəstəyi ilə Ankara Medipol Universiteti Hüquq fakültəsinin professoru Ergin Ergülün “Rəqəmsal dövrdə süni intellekt və mediasiya” adlı kitabı nəşr olunub.
Kitabda süni intellektin hüquqi əsasları, onun mediasiyada tətbiq imkanları, diqqət edilməli risklər, etik çərçivə və hüquqi infrastruktur məsələləri geniş şəkildə şərh edilir. Rəqəmsal mühitdə süni intellektin tətbiqi sahəsində elmi-praktiki vəsait olan bu nəşr hüquqşünaslar, mediatorlar, dövlət qurumlarının nümayəndələri, elm adamları, tədqiqatçılar və bu sahəyə maraq göstərən geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi çərçivəsində informasiya texnologiyalarının inkişafı və süni intellektin insan hüquqlarına təsiri məsələləri sistemli şəkildə izlənilir və təhlil olunur. Eyni zamanda, gələcəkdə süni intellektin tətbiqinin Ombudsmana ünvanlanan müraciətlərin effektiv idarə olunması, məlumatların analizi və vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm imkan kimi qiymətləndirilir.