20 fevral 2026 22:44
197

“Vəkillik fəaliyyəti” adlı dərsliyin təqdimat mərasimi keçirilib

bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” adından bu gün yeni, geniş əhatəli hüquq kitabını ictimaiyyətə təqdim edib.

“İki sahil” xəbər verir ki, bu nəşrdə məqsəd ictimai-hüquqi maarifləndirməni gücləndirmək və hüquq tələbələri, fəaliyyətdə olan hüquqşünaslar və bu sahənin müəllimləri üçün yüksək keyfiyyətli akademik resursları daha da genişləndirməkdir.

“Vəkillik fəaliyyəti” adlı kitabın əsas məqsədi vəkilliyin mahiyyəti və funksiyaları barədə aydın, strukturlu və əlçatan bilgilər təqdim etməklə cəmiyyətin hüquq mədəniyyətini gücləndirməkdir. Nəzəri, tarixi və praktiki yanaşmaları bir araya gətirən bu kitab daha məlumatlı hüquq icmasının formalaşmasına dəstək olmağı və gələcək hüquqşünasların və hüquq mütəxəssislərinin hazırlanmasına töhfə verməyi hədəfləyir.

Bu məqsədə uyğun olaraq gözlənilir ki, kitab hüquq tələbələri, hüquq işçiləri, hüquq-mühafizə orqanları və ali təhsil müəssisələrinin professor-müəllim heyəti, eləcə də etibarlı hüquqi mənbəyə müraciət etmək istəyən hər kəs üçün dəyərli bir dərslik və istinad mənbəyi olacaq.

Bu gün Bakıda kitabın ictimaiyyətə təqdim olunması tədbirində çıxış edən bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli dedi: “Cəmiyyətin hüquq mədəniyyətinin möhkəmləndirilməsinə və gələcək nəsil hüquqşünasların yetişdirilməsinə töhfə verəcək bir nəşrə dəstək göstərməkdən məmnunuq. Bu elə bir nəşrdir ki, bütün hüquq icmasına dəstək ola biləcək bilik və təcrübəni özündə birləşdirir - ondan həm tələbələr, həm də bu sahədə çalışan mütəxəssislər və müəllimlər öz gündəlik fəaliyyətlərində faydalanacaq. İnanırıq ki, bu kitabı universitetlərə və hüquq institutlarına təqdim etməklə, çox əhəmiyyətli bir bilik bazasını bütün müvafiq auditoriyalar üçün əlçatan etmiş oluruq. Ümidvarıq ki, bu nəşr hüquq sahəsində çalışan hər bir kəs üçün dəyərli istinad mənbəyi olacaq”.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri və “Vəkillik fəaliyyəti” kitabının həmmüəllifi Anar Bağırov çıxış edərək qonaqları salamlayıb, nəşrin hazırlanma məqsədi, strukturu və praktiki əhəmiyyəti barədə ətraflı məlumat verib. Sədr bildirib ki, sözügedən dərslik vəkillik institutunun normativ-hüquqi bazasını, peşə fəaliyyətinin əsas prinsiplərini və müasir çağırışlarını sistemli şəkildə əhatə edir və bu sahədə elmi-praktiki boşluğun doldurulmasına xidmət göstərir.

Anar Bağırov diqqətə çatdırıb ki, kitabda tarixi aspektlərin və beynəlxalq təcrübənin öyrənilməsinə, müqayisəli təhlillərin aparılmasına, qanunvericilik və məhkəmə təcrübəsinin əlaqələndirilməsinə, vəkillik institutunun inkişaf perspektivlərinin müəyyən edilməsinə geniş yer ayrılıb. Eyni zamanda Azərbaycanda vəkilliyin formalaşma və inkişaf mərhələləri tarixi kontekstdə ətraflı şəkildə araşdırılıb, xarici dövlətlərin vəkillik institutunun yaranma və təkamül prosesi də müqayisəli aspektdə təhlil olunaraq oxuculara təqdim olunub.

528 səhifəlik kitabda vəkillik həm peşəkar fəaliyyət sahəsi, həm də vətəndaş cəmiyyətinin əsas institutlarından biri kimi təhlil edilir. Nəşrdə vəkilliyin əsasları, məqsədləri və prinsipləri ətraflı əhatə olunur, peşənin tarixi inkişaf mərhələləri izlənilir və nəzəri əsasları ayrıca bir tədqiqat sahəsi kimi müzakirə olunur. Müqayisəli bölmələrdə xarici ölkələrdə vəkilliyin təşkili təhlil olunur, digər fəsillərdə isə müdafiə hüququnun əsasını təşkil edən beynəlxalq hüquq prinsipləri və vəkillərin qlobal miqyasda fəaliyyətini istiqamətləndirən normalar izah edilir.

Kitabın əsas bölmələrindən biri Azərbaycanda vəkillik peşəsinin strukturu və hüquqi tənzimlənməsinə həsr olunub. Bu bölmədə hüquq məsləhətinin bir ictimai xidmət sahəsi kimi rolu, pulsuz hüquqi dəstəyin normativləri və çətinlikləri, vəkillərin hüquq və vəzifələri, peşə etikası və məxfilik prinsipləri, habelə vəkillərin hüquqi statusu ətraflı şəkildə təqdim olunur.

Bu layihə bp və tərəfdaşlarının ölkədə təhsilin və bacarıqların gücləndirilməsinə yönəlmiş səylərə dəstək öhdəliyinin bir hissəsidir.

Layihə “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai Birliyi tərəfindən icra olunub. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” çərçivəsində hazırlanmış “Vəkillik fəaliyyəti” adlı dərslik 25 dekabr 2025-ci il tarixində nəşr olunub. Müəllifləri Anar Bağırov, Əmir Əliyev, Turqay Hüseynov, Gülnaz Rzayeva və Paşa Səfərov olan nəşr BP şirkətinin və onun müvafiq layihələr üzrə tərəfdaşlarının maliyyə, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının elmi dəstəyi və “İnsan Hüquqları Təşviqi Mərkəzi” İctimai Birliyinin təşəbbüsü əsasında hazırlanaraq çap edilib.  

Mərasimdə Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin rəhbəri Zahid Oruc, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev, Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru  Eldar Qocayev, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev və Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev çıxış edərək “Vəkillik fəaliyyəti” dərsliyini hüquqi maarifləndirmə və hüquq təhsilinin inkişafı baxımından əhəmiyyətli elmi nəşr kimi yüksək qiymətləndiriblər.