21 fevral 2026 01:49
140

Ramazanda kimlər oruc tutmamalıdır?

Ramazan ayı müsəlman dünyasında mənəvi saflaşma, ibadət və səbir dövrü kimi dəyərləndirilir. Lakin həm dini mənbələr, həm də tibbi elmi araşdırmalar göstərir ki, oruc tutmaq hər kəs üçün uyğun və təhlükəsiz hesab edilmir. İslam hüququnda insan sağlamlığının qorunması əsas prinsiplərdən biri sayılır və bu səbəbdən müəyyən kateqoriyadan olan şəxslər orucdan azad edilir. Qurani-Kərimin “Bəqərə” surəsinin 183-185-ci ayələrində xəstə və səfərdə olan insanların sonradan qəza etmək şərtilə oruc tutmaya biləcəyi açıq şəkildə bildirilir. Bu yanaşma göstərir ki, dini baxımdan sağlamlığa zərər verə biləcək hallarda oruc tutmaq vacib hesab olunmur.

Mütəxəssislər bildiriblər ki, xüsusilə xroniki xəstəlikləri olan şəxslər Ramazan ayı başlamazdan əvvəl tibbi müayinədən keçməli və həkimlə məsləhətləşməlidirlər. Beynəlxalq Diabet Federasiyasının (International Diabetes Federation) araşdırmalarına əsasən, şəkərli diabet xəstələrində uzunmüddətli aclıq və susuzluq qanda şəkərin səviyyəsinin təhlükəli səviyyədə enməsi və ya yüksəlməsi ilə nəticələnə bilər. Xüsusilə insulin qəbul edən və ya ağırlaşma riski yüksək olan 1-ci tip diabet xəstələrinin oruc tutması ciddi risk daşıyır. Elmi müşahidələr göstərir ki, belə hallarda hipoqlikemiya (aşağı şəkər), hiperqlikemiya (yüksək şəkər) və hətta ketoasidoz (bədən insulin çatışmazlığı səbəbindən qlükozadan istifadə edə bilmədikdə yaranır və bədəndə turşuluğun artması ilə nəticələnir) kimi ağırlaşmalar baş verə bilər.

Kardioloqlar da ürək-damar sistemi xəstəlikləri olan şəxslərin diqqətli olmalı olduqlarını vurğulayıblar. Uzun müddət maye qəbul etməmək orqanizmdə susuzlaşmaya, elektrolit balansının pozulmasına və arterial təzyiqin səviyyəsinin dəyişməsinə səbəb ola bilər. Xüsusilə ürək çatışmazlığı, ciddi aritmiya (sinədə sürətli və nizamsız döyüntü, huşun itirilməsi, yorğunluqla müşahidə olunur) və ya nəzarətsiz hipertoniya (nəzarətsiz təzyiq ürəyi zorlayır, struktur dəyişikliklərinə və ritm pozğunluğu ilə nəticələnir) diaqnozu qoyulan xəstələr üçün oruc tibbi risk yarada bilər. Nefroloqlar isə xroniki böyrək xəstəlikləri olan insanlarda susuzluğun böyrək funksiyasını daha da zəiflədə biləcəyini bildiriblər. Araşdırmalar göstərir ki, ağır böyrək çatışmazlığı və dializ müalicəsi alan şəxslər üçün uzunmüddətli aclıq və susuzluq təhlükəlidir.

Hamilə və süd verən qadınlarla bağlı məsələ də fərdi yanaşma tələb edir. Tədqiqatlara görə, sağlam və aşağı riskli hamiləlik zamanı bəzi qadınlar həkim nəzarəti ilə oruc tuta bilsələr də, anemiya, inkişaf geriliyi riski və ya digər tibbi problemlər olduğu halda oruc tutmaq həm ana, həm də döl üçün təhlükə yarada bilər. Süd verən analarda isə maye çatışmazlığı südün miqdarına və keyfiyyətinə təsir göstərə bilər. Bu səbəbdən mütəxəssislər belə hallarda tibbi rəyə əsaslanmağı tövsiyə edirlər.

İslam hüququna görə, yaşlı və fiziki cəhətdən zəif şəxslər də orucdan azad edilə bilərlər. Əgər insanın sağlamlıq vəziyyəti oruc tutmağa imkan vermirsə və bunun gələcəkdə də dəyişməsi gözlənilmirsə, dini qaydalara əsasən fidyə vermək yolu ilə bu vəzifə əvəz oluna bilər. Həmçinin mensturasiya və zahılıq dövründə olan qadınların oruc tutması dini baxımdan doğru deyil və onlar bu günləri sonradan qəza orucu tutaraq əvəz edə bilirlər. Uşaqlara gəldikdə isə, həddi-büluğa çatmayanlara oruc tutmaq vacib sayılmır və pediatrlar inkişaf dövründə uzunmüddətli aclığın və susuzluğun mənfi təsirlər göstərə biləcəyini qeyd ediblər.

Mütəxəssislər yekdil fikirlərinə əsasən, Ramazan ayında oruc tutmaq fərdi sağlamlıq vəziyyəti nəzərə alınaraq qərarlaşdırılmalıdır. Həm dini mənbələr, həm də müasir tibbi araşdırmalar insan həyatının və sağlamlığının qorunmasını prioritet hesab edir. Bu baxımdan risk qrupuna daxil olan şəxslərin özlərini təhlükəyə atmaması, qərarı emosional deyil, tibbi və dini əsaslara söykənərək verməsi tövsiyə olunur. Ramazan ayının əsas məqsədi insanın mənəvi kamilliyə çatmasıdır və bu yol sağlamlığa zərər hesabına seçilməməlidir. 

Şahnigar Əhmədova, “İki sahil”