Doğma meydanda belə uduzmaq istəməzdik.
“İki sahil” xəbər verir ki, bu sözləri “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda İngiltərənin “Nyukasl” klubuna 1:6 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis doğma meydanda belə nəticənin ağır olduğunu vurğulasa da rəqibin gücünü etiraf edib: "Nyukasl" həm fiziki, həm də taktiki cəhətdən bizdən üstün idi. İlk dəqiqələrdə buraxılan qollar futbolçular üçün ağır zərbə oldu. Böyük futbolun nə olduğunu bu gün gördük”.
Azarkeşlərin dəstəyinə xüsusi toxunan məşqçi komandasının fevral ayına qədər ölkəyə böyük futbol həyəcanı yaşatdığını xatırladıb: “Futbolçular çox əziyyət çəkdilər və azarkeşlər maraqlı oyunlar izlədilər. Təbii ki, belə olan halda bu səviyyədə böyük məğlubiyyətlər qaçılmazdır. Azarkeşlərimizə minnətdaram. Məğlubiyyətə rəğmən sonadək bizimlə oldular”.
O, fasilədə oyunçuları psixoloji gərginlikdən çıxarmağa çalışdığını deyib: "Futbolçularıma yalnız sakitləşməyi tapşırdım, çünki bu səviyyədə intizamı itirmək daha ağır nəticələrə yol aça bilərdi".
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 25-də keçiriləcək. Bu cütün qalibi 1/8 finalda “Çelsi” və ya “Barselona” kollektivlərindən biri ilə qarşılaşacaq.