16 fevral 2026 23:23
102

Mourinyo "Real"a qayıdır?

Portuqaliyalı mütəxəssis Joze Mourinyonun "Benfika"dakı gələcəyi ilə bağlı təfərrüatlar bəlli olub.

“İki sahil” İspaniyanın "AS" nəşrinə istinadən xəbər verir ki, təcrübəli çalışdırıcının Lissabon klubu ilə müqaviləsində xüsusi  bənd yer alır. Həmin bəndə əsasən, Mourinyo mövsüm başa çatdıqdan sonrakı 10 gün ərzində heç bir təzminat ödəmədən klubu tərk etmək hüququna malikdir.

Bu fakt onun yenidən "Real"ı çalışdıracağı barədə xəbərləri gündəmə gətirib. Çempionlar Liqasında məhz "kral klubu"na qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında Mourinyo məsələyə münasibət bildirib:

"Benfika"ilə hələ bir illik müqaviləm var. Madriddə işlədiyim dövrdə klub üçün hər şeyimi verdim. Orada yaxşı və pis günlərim oldu, amma hər zaman ən yaxşı nəticələr üçün çalışdım. "Real" rəhbərliyi və azarkeşləri mənə hörmət edir, mən də onlara. Bu, fantastik hissdir".

Mütəxəssis "Real"ın hazırkı baş məşqçisi Alvaro Arbeloaya da dəstək olub:

"Mən "Real"ı turnirdən kənarlaşdırmağı çox istəyirəm. Amma eyni zamanda istəyirəm ki, Arbeloa La Liqanı qazansın və uzun illər Madriddə qalsın. Çünki o, istedadlı və xarakterli mütəxəssisdir".

Qeyd edək ki, "Benfika" - "Real" qarşılaşması fevralın 18-də baş tutacaq.