İbn Sinaya aid edilən minillik reseptlər yenidən gündəmdə
Osmanlı hökmdarı Sultan Süleyman Qanuninin həyat yoldaşı Hürrəm Sultanın gözəlliyi əsrlərdir dillər əzbəridir. Tarixi mənbələrdə onun cazibəsi və baxımlı görünüşü xüsusi vurğulanır. Son dövrlərdə isə orta əsrlərin məşhur alimi və həkimi İbn Sinaya aid edilən dəriyə qulluq tövsiyələri yenidən maraq doğurub.

Tibb tarixində mühüm yeri olan İbn Sinanın əsərlərində gigiyena və dəriyə qulluq ilə bağlı məsləhətlər yer alır. Həmin yanaşmalar bu gün də alternativ qulluq üsulları kimi təqdim edilir. Mütəxəssislər isə xatırladırlar ki, hər hansı təbii vasitədən istifadə etməzdən əvvəl dermatoloq məsləhəti almaq vacibdir.
Dərinin dərin təmizlənməsi
İbn Sinanın yanaşmasına görə, sağlam və parlaq dəriyə sahib olmaq üçün əsas şərt onun müntəzəm və dərin təmizlənmədir. Gün ərzində toplanan çirk və yağ təbəqəsi təmizlənmədikdə məsamələr tutulur və dəri problemləri yaranır. Tarixi mənbələrdə təbii sabunlardan istifadənin tövsiyə edildiyi bildirilir.
Gül suyu
Gül suyu əsrlər boyu tonik kimi istifadə olunub. Təmizlənmiş dəriyə tətbiq edilən gül suyunun sakitləşdirici və nəmləndirici təsiri olduğu qeyd edilir. Xalq təbabətində o, qırışların yaranmasının ləngidilməsinə dəstək vasitə kimi göstərilir.
Oğul otu (Melissa)
Limon ətirli oğul otu dərinin yenilənməsinə kömək edən bitki kimi tanınıb. Xalq arasında onun ləkələrin azalmasına və dərinin hamarlaşmasına yardım etdiyi düşünülür. Dəmləmə formasında hazırlanaraq dəriyə çəkilməsi ənənəvi üsullardan biridir.
Çay ağacı yağı
Antibakterial xüsusiyyətləri ilə tanınan çay ağacı yağı dəri problemlərinə qarşı geniş istifadə olunur. Sızanağa meyilli dəridə mikrobların çoxalmasının qarşısını almağa kömək etdiyi bildirilir. Bununla belə, konsentrasiyalı yağların birbaşa tətbiqi həssas dəridə qıcıqlanma yarada bilər.
Kisə (mexaniki pilinq)
Keçmişdə dəri baryerini yeniləmək məqsədilə kisə üsulu geniş yayılmışdı. Müasir dermatoloqlar isə həddindən artıq sürtünmənin dəridə mikro cızıqlar yarada biləcəyini bildiriblər. Buna görə kisə vasitəsilə həyata keçirilən pilinq üsulundan ehtiyatla istifadə olunmalıdır.
Şahnigar Əhmədova, “İki sahil”