17 fevral 2026 01:32
143

Sizə təşəkkür edilməsə belə...

Liftin qapıları bağlanmaq məqamında dəhlizdə qaçan birini görüb düşünmədən liftin qapını açma düyməsinə basırsınızmı? İçəri daxil olan şəxsin üzündəki məmnunluq sadəcə nəzakət davranışının nəticəsini ehtiva etmir. Psixoloji araşdırmalara görə, bu cür instinktiv davranışlar insanın empatiya qabiliyyəti, sosial həssaslığı və interpersonal bacarıqları (emosiyaların paylaşılması, empatiya, komanda işi və fikirlərin aydın ifadə olunması kimi bacarıqları əhatə edir) barədə mühüm siqnallar verir. İş həyatı və şəxsi münasibətlərlə bağlı müşahidələr göstərir ki, məhz kiçik və avtomatik reaksiyalar emosional potensialı daha aydın şəkildə ortaya qoyur.

Mütəxəssislərin fikrincə, liftin qapısını digər insanlar üçün açıq saxlayan insanlarda aşağıdakı xüsusiyyətlər daha çox müşahidə olunur:

Başqalarının emosiyalarını tez hiss edirsiniz

Qaçan şəxsi görəndə yalnız onun hərəkətini deyil, eyni zamanda, yaşadığı gərginliyi və tələsikliyini də sezirsiniz. Bu, psixologiyada “emosional empatiya” adlandırılan qabiliyyətdir. Yüksək emosional intellektə malik şəxslər üz ifadələrini, bədən dilini və mühitin emosional fonunu şüuraltı şəkildə oxuya bilirlər.

Qarşılıq gözləmədən kömək edirsiniz

Liftin qapısını saxlamaq sizə birbaşa fayda vermir, hətta bir neçə saniyə gecikməyinizə də səbəb ola bilər. Buna baxmayaraq bunu edirsiniz. Çünki emosional zəka, münasibətləri şəxsi maraq üzərində deyil, dəyər və anlayış üzərində qurmaq bacarığını ehtiva edir.

 Kiçik jestlərin təsirini anlayırsınız

Liftə çatmamaq stress zəncirinə səbəb ola bilər, çatmaq isə insanın gününü dəyişə bilər. Emosional zəka səviyyəsi yüksək olan şəxslər xırda davranışların başqalarının psixoloji vəziyyətinə təsirini düzgün qiymətləndirirlər.

 Sosial siqnallara sürətli reaksiya verirsiniz

Bu qərarı uzun-uzadı düşünmürsünüz, refleks kimi baş verir. Psixoloqlar bunu “emosional çeviklik” adlandırır, yəni vəziyyəti sürətlə dəyərləndirib uyğun davranışı seçmək bacarığı.

 Şəxsi komfortdan çox ümumi rahatlığı üstün tutursunuz

Bir neçə saniyə itirməyi problem hesab etmirsiniz. Çünki emosional zəka yalnız hissləri anlamaqdan ibarət deyil, həm də müsbət sosial mühit formalaşdırmaq qabiliyyətidir.

 Başqalarının tələskənliyinə hörmətlə yanaşırsınız

Qaçan şəxsi mühakimə etmirsiniz. Gecikməsinin səbəbini bilməsəniz belə, bunun həmin şəxs üçün vacib olduğunu qəbul edirsiniz. Qərəzsiz şüurluluq emosional zəkanın əsas komponentlərindən biridir.

 Xarici təsdiqdən asılı olmayan empati qabiliyyətiniz var

Sizə təşəkkür edilməsə belə, daxilinizdə kiçik bir məmnunluq hiss edirsiniz. Bu daxili mükafat mexanizmi empatiyanın xarici təsdiqdən asılı olmadığını göstərir.

Mütəxəssislər vurğulayıblar ki, liftin qapısını saxlamaq sadə bir hərəkət kimi görünsə də, bu cür davranışlar insanın sosial həssaslığını və emosional yetkinliyini nümayiş etdirir. Belə anlar empatiya və qarşılıqlı anlayışı gücləndirərək daha sağlam münasibətlərin qurulmasına töhfə verir.

Şahnigar Əhmədova, “İki sahil”