Federasiyanın başlıca məqsədi Azərbaycan Respublikasının dövlət bayrağının nüfuzlu beynəlxalq yarışlarda layiqincə təmsil olunmasını təmin etməkdir. Qurum Ümumdünya Karate Federasiyasının (World Karate Federation -WKF) üzvü kimi fəaliyyət göstərərək hazırlıq, idarəetmə və yarış standartlarını beynəlxalq tələblərə uyğun şəkildə tətbiq edir.
Bunu Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, Federasiyanın mətbuat xidmətinin rəhbəri Vüsal Abdullazadə “İki sahil”ə müsahibəsində söyləyib.
Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilməsi planlaşdırılan əsas addımlar beynəlxalq turnirlərdə iştirak coğrafiyasının genişləndirilməsi, Premyer Liqa, A Seriya və gənclər liqalarında davamlı iştirakın təmin olunması, seçim və hazırlıq mexanizmlərinin təkmilləşdirilməsi yolu ilə ehtiyat heyətin gücləndirilməsi, təlim-məşq toplanışlarının sayının artırılması və beynəlxalq düşərgələrdə fəal iştirakın təşkili, eləcə də elmi-metodik yanaşmanın — analitika, psixoloji hazırlıq və bərpa proseslərinin — daha da dərinləşdirilməsindən ibarətdir.
Bu kompleks strateji yanaşma nəticəsində federasiya 2026-cı ildə daha çox final mərhələsinə yüksəlməyi, medal sayını artırmağı və sabit, davamlı idman nəticələri əldə etməyi hədəfləyir.
Yaqut Ağaşahqızı, “İki sahil”