Karatenin məktəb və universitet mühitinə inteqrasiyası gənc nəslin fiziki və mənəvi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır və Azərbaycan Karate Federasiyası bu istiqaməti idmanın kütləviləşdirilməsinin əsas şərtlərindən biri kimi qiymətləndirir.
Bunu Azərbaycan Karate Federasiyası prezidentinin köməkçisi, Federasiyanın mətbuat xidmətinin rəhbəri Vüsal Abdullazadə “İki sahil”ə müsahibəsində söyləyib.
Qurum sözçüsü vurğulayıb ki, Federasiyanın mövqeyinə görə, karate yalnız yarış idmanı deyil, eyni zamanda, intizam, özünənəzarət, etik davranış, komanda ruhu və sağlam həyat tərzinin formalaşdırılması üçün effektiv tərbiyə vasitəsidir. Bu məqsədlə ümumtəhsil məktəblərində karate dərnəklərinin təşkili və fəaliyyət dairəsinin genişləndirilməsi, ali təhsil müəssisələrində karate bölmələrinin yaradılması və tələbə turnirlərinin keçirilməsi təşviq olunur.
Bununla yanaşı, təhsil müəssisələrində təqdimat və tanıtım layihələri həyata keçirilir, gənclərin asudə vaxtının səmərəli təşkili üçün yerli icmalar və idman qurumları ilə əməkdaşlıq genişləndirilir. Federasiya hesab edir ki, məktəblər və universitetlər karate üçün istedad bankının formalaşdığı, gələcək peşəkar idmançıların üzə çıxdığı əsas platformalardır və bu mühitdə atılan addımlar ölkədə sağlam idman mədəniyyətinin uzunmüddətli inkişafına xidmət edir.
Yaqut Ağaşahqızı, “İki sahil”