15 fevral 2026 19:03
87

Hakim kobud səhvə yol verdi, komitə sədri üzr istədi

İtaliya A Seriyasında baş tutan "İnter" - "Yuventus" matçında hakim idarəçiliyi ilə bağlı rəsmi açıqlama verilib.

“İki sahil” "ANSA" agentliyinə istinadən xəbər verir ki, A Seriyasının Hakimlər Komitəsinin sədri Canluka Rokki prinsipial matçda yol verilən kobud səhvə görə üzr istəyib.

Söhbət qarşılaşmanın 42-ci dəqiqəsində "Yuventus"un müdafiəçisi Pyer Kalulunun meydandan qovulmasından gedir. Baş hakim Federiko La Penna həmin epizodda Kalulunun rəqib oyunçu Alessandro Bastoniyə qarşı kobudluq etdiyini əsas gətirərək ona ikinci sarı vərəqəni göstərib və onu qırmızı vərəqə ilə cəzalandırıb.

A Seriyasının Hakimlər Komitəsinin sədri açıqlamasında deyib:

"Bu hadisəyə, La Pennanın yanlış qərarına və VAR sisteminin bu səhvi düzəltmək üçün müdaxilə edə bilməməsinə görə dərin təəssüf hissi keçirir və üzr istəyirik".

İtaliya mətbuatının məlumatına görə, bu səhvə görə La Penna 2-4 həftəlik cəzalandırıla bilər.

Xatırladaq ki, matç "İnter"in 3:2 hesablı qələbəsi ilə başa çatıb.