2021-ci ildən etibarən UEFA təxminən 90 milyon avro ayıraraq Strength through Unity davamlı inkişaf strategiyası çərçivəsində 590 layihəni həyata keçirib. Təşkilat strategiyanı 2030-cu ilə qədər yeniləyərək, ölçülə bilən, müqayisə oluna bilən və təsdiqlənə bilən nəticələrə xüsusi diqqət ayırıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
Sənədin yenidən gözdən keçirilməsi 2025-ci ilin ikinci yarısında mövcud nəticələrin qiymətləndirilməsindən sonra baş tutub. Məsləhətləşmələrdə 200-dən çox maraqlı tərəf iştirak edib. Strategiyanın həyata keçirildiyi müddətdə Avropa futbolunda 600 davamlı inkişaf menecerindən ibarət bir icma formalaşdırılıb. UEFA-nın bütün tədbirləri indi ayrıca davamlılıq planları və ictimai hesabatlarla müşayiət olunur.
Bu dövrdə turnirlər çərçivəsində 2 mindən çox ekoloji və sosial təşəbbüs həyata keçirilib. Yenilənmiş strategiya 2030-cu ilə qədərki hədəfləri saxlayır və siyasətin 11 istiqamətini üç əsas prioritet ətrafında birləşdirir: sosial təsir, ekoloji məsuliyyət, tədbirlərin və infrastrukturların məsuliyyətli idarə olunması.