13 fevral 2026 14:45
114

Sevgililər Gününün YENİ TRENDİ - PULUN VARSA...

Gül mağazalarında 14 fevral – Sevgililər Günü münasibətilə canlanma müşahidə olunur. Bu günün əvəzolunmazı olan qırmızı güllərlə yanaşı, orkide və kəpənək buketlərinə də böyük maraq göstərilir.

Sevgililər Gününün yeni trendinin orkide və kəpənək buketləri olduğu bildirilir. Qırmızı güllər başda olmaqla, orkide, kasablanka zanbağı, nərgiz və pion kimi bir çox çiçək sevdiklərinə hədiyyə edilməyi gözləyir. Sevgililər Gününə özəl hazırlanmış kəpənək buketləri də alternativ hədiyyələr arasında yer alır.

Kəpənək buketlərimizin qiyməti 500–1000 lirə arasındadır

“Ankara Çiçəkçilər Esnaf Odası”nın sədri Emin Çimen "Anadolu" xəbər agentliyinə açıqlamasında bildirib ki, çiçəkçilər heç kimin çiçəksiz qalmaması üçün həm idxal, həm də yerli istehsal hesabına bütün hazırlıqları görüb və alıcıları gözləyirlər.

Onun sözlərinə görə, sevən insanların bu xüsusi günü bir dəstə çiçəklə qeyd etməsi çox böyük əhəmiyyət daşıyır: “Gül sevgini ifadə etdiyi üçün daha çox tələbat görür. Lakin, bununla yanaşı, xüsusilə orkide olmaqla digər çiçəklərə də maraq var.”

O bildirib ki, dibçək gülləri ilə yanaşı fərqli məhsullara maraq da getdikcə artır: “Kəpənək buketlərimiz bu dövrdə ən çox seçilən məhsullarımızdandır. Daha uzunömürlü olması baxımından insanlar onları üstün tuturlar. Güllər arasında xüsusilə qırmızı gül daha çox seçilir, lakin bizdə hər rəng mövcuddur. Qırmızı gül “eşq”i, ağ gül “tərtəmiz duyğu”nu, sarı gül “isti sevgi”ni, çəhrayı gül isə “qəlbim səndədir”i ifadə edir. Kəpənək buketlərimizin qiyməti 500–1000 lirə, güllərin isə 150–300 lirə arasındadır. Xüsusi gün münasibətilə qətiyyən heç bir qiymət artımı yoxdur. Hər kəs həyat yoldaşının və ya sevdiyinin bəyənəcəyi çiçəyi mağazalarda tapa bilər.”

Vətəndaşlara çiçəkləri birbaşa çiçəkçilərdən almağı tövsiyə edən Emin Çimen əlavə edib ki, çiçəkçilərdən alınan güllər keyfiyyətli olur, tez xarab olmur və uzun müddət təravətini qoruyur.

Orxan Vahidoğlu, “İki sahil”